Baki Nagili's Blog

May xronologiyası… May günü, May böcəyi, May gülü

2011-ci ilin may ayı

Düzü dünya Mayda gülür

Məni maygülü güldürür

1 May – zəhmətkeşlərin bayramı ilə başladıq. Yadımda qaranlq qalıb. Yanılmıramsa atamın çiynində əlimdə qırmızı bayraq o vaxt yürüşə getmişdim. Sonra metroda qırmızı şar partladı. Bu il də Azərabycanda 1 May Məmməd Süleymanovun mühazirəsi ilə gerçəkləşdi.

8 May – Şuşanın ermənilərə verilməsi günü. Şəhər quruluşuna görə alınması çətin olan bir şəhəri  məlum və adını çəkmədiyimiz səbəblərə görə verdik. Ürək yanğısıyla deyirəm: Bizim qanımızda elə bir şey var ki, istəməsək bir köpəyoğluna bir parça qənd də vermərik. Amma Şuşanı verdik. Həyəcanla verdik. Sonra da ağladıq. Şuşa məscidinin tarixini araşdırırdım. Tanınmış şuşalılardan biri Səid Hacıyevdən müsahibə aldım. Deyir, evimiz Gövhər ağa məscidinin böyründə idi. Gözlərim önündə mənzərə canlanır.  Ağır dərddir. Təsəvvür et, oturmusan Bakıda və icra hakimiyyəti gəlib deyir ki, yığ şələ-küləvi yallah, həyətüvüzü söküb analoqu olmayan inci adası salıram. Konpensasiya əvəzinə də ŞİŞ alarsan!9 May- Faşizm üzərində qələbənin növbəti il dönümü… Evimizdə ailə fotoları arasında gözəl bir gəncin hərbi paltarda fotosu var. Anamın müharibədə itgin düşmüş dayısıdır. Qonşuluğumuzda isə düz 4 il bundan əvvəl sağ olan müharibə veteranları ərlə qadın yaşayırdı. Kişi həkim, qadın tibb bacısı idi. Həsən Doxtur çağırdığımız qonşumuz müharibə dövründə hərbi həkim işləyirdi. Cəbhəyə yola düşəndə Bakıda nişanlısı qalmışdı. Cəbhədən qayıdanda isə bir Sibir gözəli –Liza ilə gəlmişdi. Ömrünün son 4 ilində tək qalan bu qoca doxturun paltarlarını yuyurdum. Həmişə mənə deyirdi ki, oxu, bu məhlədən çıxsan sən çıxacaqsan. Bağında yaxşı üzüm tənəkləri vardı. Abşeron şanısı. Meynələri özü budayar, yarpağını yığmaq üçün biz uşaqları köməyə çağırardı. Həyətinin öz səliqəsi, öz axarı. Ölümünə iki həftə qalmış mənə üzəri orden-medallarla dolu pencəyini gətirdi. Dedi səndə qalsın, saxlayarsan. Ancaq onun vəfatından bir ay sonra böyük oğlunun gəlini məndən aldı ki, bu bizim ailə sərvətimizdir. İndi, hər orden-medal  satılan yerin yaxınlığından keçəndə düşünürəm : Ömrünü müharibələrə vermiş insanlar və onların 50 qəpiyə satılan təltifləri…

10 May-Keçmiş prezident Ümummilli Lider Heydər Əliyevin 88-ci il dönümü və şərəfə qeyd olunan GÜL bayramı. Əslində, vətəndaş məntiqimlə düşünəndə, “mən Hacıbəla olsaydım nə edərdim?” sualı verirəm özümə. Cavabım var. Mən mer olsaydım, SSRİ dövründə öz gülçülük istilikxanaları ilə seçilən Bakı kəndlərinə indi Hollandiya, Minlandiyaya ayırdığım pulları qoyardım. Qoy calaq edib yeni gül növləri alsınlar. Diktatorluq edib biologiya fakültəsindən tutmuş bağbanlara qədər hamısını  istismar edərdim ki,

calayın güüüülü gülə

qara torpağın üüüzü  gülə.

Sonrada məktəblilərə ultimatum göndərərdim ki,  di nə durmusuz qurun portretlərinizi.  Ancaq be-təəssüfi əz mən nə darədəm Həcibibəla.

14 May-Azərbaycan Evrovisionda 2012-ci il üçün ev sahibliyilini qazanır. İlk dəfə bu müsabiqəyə qoşulduğumuzda Samirlə Elnurun “Day after day” ifasına görə həyəcan keçirirdim. O zaman qəlbimdə inam vardı. Ən azı üçüncü yer bizlikdi. Bu mənim musiqi ruhuma yaxın idi. Sonrakı ardıcıllıqla bu çıxışın unudulduğunu gördük. Heç kim xainlik etmir ki, birinciliyi niyə qazanmışıq. Ancaq sual olunur: Vətəndaşının evini sökdürən bir məmləkət əcnəbi inostrannara harda, necə ev sahibliyi edəcək? Aha, Dərnəgül tərəfin bunun üçün nəzərdə tutulduğunu eşitmişdim. Bu gün qonşu qəsəbədən Minayə arvad da deyir ki, ay balaaa düz diyirlərkiyaa, Əmircanda Böyük Şoru söküceylər?

Dedim, mənnə bilim ay xala.

Deyir, Cigəri yansun o Hacbalanunnn!

Dedim, get qutabuvu bişir, turistdər gəlicey, 1 manatdan satarsan. Minayə getdi un çuvallarını istismar etməyə.

16 May- Azərbaycan Dövlət Pantomima Teatrının təsis edildiyi gündür. Pantomima həyatın səhnədə mimikalarla nümayiş etdirildiyi bir sənətdir. Aktyor bütün elastikliyi, cəldliyi, üz cizgiləri ilə sənə yaşadığın psixoloji, bəzən şən, bəzən qəmgin anlarını göstərir. Pantomima səhnəsi ağ kətandır. Aktyor isə rəssam. O boyaları xatırladan hərəkətləri ilə sənin görmək istədiyin, görə bilmədiyin portretini çizir. Sən özünü dərk etdiyin qədər səhnədə tamamlanmış portretini görürsən. Sən sevirsən, səhnə sənə geniş gəlir. Səh nifrət edirsən, səhnə səni sıxır. Pantomimamızın aktyor kollektivi, sizi sevirəm.

17 May-Mənim doğum, Laçının işğal günü.

Bu gün 25 yaşım tamam olur. Heç narahat olmuram. Mən heç vaxt qocalmayacağam. Bir gün ölsəm belə yenə inanıram ki, mövcudluğum davam edəcək. Bu yaşıma qədər yalnız bir dəfə 8 yaşımda doğum günüm qeyd edilib. Ona da nifrət etdim. Sırf mənim üçün kiminsə nəsə etməyini sevmirəm. Hədiyyələri də sevmirəm. Kitab, dibçəkdə gül  və həyatımın enerjisini artıracaq şeylər istisna olmaqla. Və doğum günümün qeyd edilməməsi ənənəsini davam etdirəcəyəm.  Laçın işğal olunanda doğum günüm idi.

Laçın mahnısını çox sevirəm. O zaman kiçik idim. Ancaq kənd şagirdlərinin məktəbdən  tez-tez cəbhəyə əsgərlər üçün tibbi ləvazimatlar göndərdiyini görürdüm.  Laçın və mən. Bütövləşmiş xəyallar … Bitməmiş arzular…

Həyatımız sevgilərlə  dolu, qəlbimizdə isə yaralar hələ də qaysaqlıdır. Evimizdən Azərbaycana baxan pəncərəmizin şüşələrini silmək istəyirəm. Deyirlər, şəffaf şüşədən günəş daha parlaq görünür.

Aynur Zərrintac

Advertisements

May 17, 2011 - Posted by | Düşüncə, Uncategorized | , , , , ,

Heç bir şərh yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma