Baki Nagili's Blog

Musiqili görüşdən yazılan xatirəm

“İşğal olunandan sonra getməmişəm Şuşaya. İşğaldan əvvəl bizim Çölqala məhləsində ikimərtəbəli evimiz var idi. Hər il ailəlikcə ora gedərdik. Qardaşım Əyyub və bacım Könül hər biri öz ailəsi, uşaqları ilə yayı yığışardıq Şuşada. İndi evimizdən xəbərimiz yoxdur”.
Bunları söhbətimizdə mərhum bəstəkar Süleyman Ələsgərovun oğlu, Qahirə konservatoriyasının professoru və əməkdar artist Arzu Ələsgərov danışırdı. Onunla uşaqlıq xatirələrindən başlayıb dərs dediyi Qahirə konservatoriyasına qədər bir musiqili söhbət qurduq.

Uşaqlığından söhbət edən Arzu müəllim deyir: “Musiqiyə həvəsim uşaqlıqdandır. 5 yaşımdan musiqi ilə məşğulam. Atam musiqiçi olduğuna görə ondan da ola bilsin nəsə keçibdir. Deyə bilmərəm ki, atam kimi musiqi bəstələmişəm, yox, əsasən ifaçılıqla məşğul olmuşam. Musiqiləri Polad bəstələyirdi. Polad Bülbüloğlu ilə bir sinifdə oxumuşuq. Ancaq konservatoriyada o bəstəkarlıq, mən isə ifaçılıq şöbəsinə daxil oldum. Polad tələbə vaxtı nə qədər musiqi yazıbsa onların ilk ifaçısı mən olmuşam. İfa etdiyimiz musiqilərdən hələ də radioda səslənənləri var. Məsələn, skripkaçı Azad Əliyevlə birgə fortepianoda Poladın müəyyən əsərlərini biz çalmışıq ki, bunlar indi də qızıl fondda saxlanılır”.
Sonuncu dəfə Şuşadan çıxdıqdan sonra Şuşadan heç bir məlumatı olmadığını bildirən Arzu müəllim yalnız Bakıdan Polad Bülbüloğlunun Şuşa səfərini eşitdiyini dedi: “Şuşanı Xankəndi tərəfindən “Alazan” raketləri ilə ermənilər, buradan da ora bizimkilər atəşə tuturdu. Anamın da, atamın da babası tərəf hamısı Şuşadandır. Hamısının da qəbirləri ordadır. Mən sonuncu dəfə Şuşada 1988-ci ildə olmuşam. 1989-cu ildə qardaşım gedib, 1990-cı ildə yollar bağlandı. Bu yaxınlarda bir dostum dedi ki, Polad Bülbüloğlu Şuşaya səfər edib. Oradakı evlərindən götürdüyü torpaqdan Bakıya gələndə fəxri xiyabanda atası Bülbülün, Üzeyir bəyin və atam Süleyman Ələsgərovun qəbri üstünə töküb. Polad atama Süleyman əmi deyirdi. O indi Moskvada, mən isə burda-Qahirədəyəm. Bakıya gedəndə bilirəm ki, ordadır görüşürük. 2005-ci ildə Azərbaycanın incəsənət ustaları Misirə gələndə görüşdük onunla. Mənim ailəmdə sənətimi davam etdirən yoxdur. Qızım APİ-nin məzunudur. Oğlum Fərid idə BDU-nun Şərqşünaslıq fakültəsini bitirib. Hazırda “Planet Parni iz Baku”-dadır”.

Aspiranturanı Moskvada oxuyan Arzu Ələsgərov 1968-ci ildən Bakı konservatoriyasının müəllimi olub. Ta ki, Qara dənizdən adlayaraq üzü qonşu qitəyə Afrikaya doğru gələnə qədər Bakıda fortopianodan dərs deyib. Çox maraqlandırırdı məni, özüm dəftər əlimdə ərəblərin içində gəzir və onlardan öz aralarında işlətdikləri atalar sözləri, yanıltmac və tapmacalar toplayırdım. Bəs Arzu müəllimin Qahirə konservatoriyasında dərs zamanı yerli ərəb tələbələri ilə dil problemi çıxmır görəsən? Arzu müəllim Suriyanın Hələb şəhərində işlədiyi vaxtdan danışır: “1981-84-cü illərdə 3 il ərzində Hələbdə fortepiano müəllimi kimi çalışmışam. O zaman Sovet İttifaqı vaxtı idi. Sonradan ərəb ölkələrində dərs demək üçün ərəb dilini öyrənməyə başladım. Mən Suriyaya getməmişdən əvvəl Bakıda ərəb dilində bəzi sözləri öyrənmişdim. Yəni sağ əl, sol əl, diqqətli ol, nota bax, yavaş çal kimi ifadələri. Sonradan dərs keçə-keçə bildim nə demək lazımdır. Elə sözlər var ki, Azərbaycan dilində eyni səslənir. Qələmdir, dəftərdir. 1996-cı ilin oktybarından Qahirə konservatoriyasında çalışıram. Suriyada düzdür az da olsa danışırdım ərəb dilində. Amma ərəb ölkələrindəki ləhcə müxtəlifliyinə görə sözlərin tələffüzü də fərqlənir. Məsələn, mənə tələbəyə ərəbcə nəsə demək lazımdırsa onu deyirəm. Deyə bilməyəndə onu ifa edirəm. Əgər uşağın eşitmə qabiliyyəti varsa, o bu vasitə ilə eşidir və ifa edir. Əgər o musiqini eşidib çala bilmirsə, istəyirsən bunu ingilis, rus dilində de, fərqi yoxdur. Musiqidə əsas onu eşidib hiss edə bilməkdir. Əgər mən tərcüməçi vasitəsilə tələbə ilə danışsam, fikir tələbəyə çatana qədər arada zaman keçir və bu zaman sözün təsiri itir. Amma özün tələbəyə nəsə deyəndə birbaşa təsir edir”.
Atasının ilk dinləyicisi olan Arzu Ələsgərov onun necə musiqi bəstələməsindən danışır: “Atamın əmək qəhrəmanları haqqında bir silsiləsi var. Məsələn, Naxçıvan zonasındakı o vaxtı məşhur pambıqçı Bahar Talıbova haqqında mahnı bəstələyib. Bunun üçün o Naxçıvana gedib onunla görüşüb. Knarik Qriqoryan haqqında “Knar” adlı mahnı bəstələmişdi, mən bunu gənc vaxtımda Xankəndi radiosunda ifa etmişdim. Onun 13 operettası var. Onun “Ulduz”na eyniadlı film də çəkilib”.
Qeyd edim ki, Süleyman Ələsgərovun bəstəçisi olduğu “Ulduz” 1962-ci ildə Bolqarıstanda həm türk, həm də bolqar dilində tamaşaya qoyulmuşdur. 1966-cı ildə “Milyonçunun dilənçi oğlu”su birinci dəfə səhnədə oynanılmışdır. Arzu müəllim bu əsərə görə 4 nəfərə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Mükafatı verildiyini qeyd etdi: “1967-ci ildə liberettonun müəllifi Şıxəli Qurbanov, atam Süleyman Ələsgərov, rejissor Əliheydər Ələkbərov və rəssam Böyükağa Mirzəzadə bu mükafatla təltif olunublar”.
Özünün musiqi bəstələməkdən çox ifaçılığa böyük sevgisi olduğunu deyən Arzu müəllim Qahirədə tez-tez konsertlərinin keçirildiyindən danışır: “Həm konservatoriyada, həm də Operada tez-tez konsertlər təşkil edirik. Bəzən skripkaçıların xahişi ilə onları fortepianoda müşayiət də edirəm. Azərbaycanın Misirdəki Səfirliyinin tədbirlərində də iştirak edirik. Burda başqa azərbaycanlı musiqiçilər də var. Vaqif Axundov və oğlu Azad Axundov simfonik orkestrda alt-viola alətində çalırlar. Adila Mayılova isə Balet İnstitutunda pianoçu kimi çalışır”.
Arzu müəllim Qahirənin gözəl şəhər olduğunu deyir. Amma əmmalarını açıqlamağı da unutmur: “Xüsusən gecə vaxtı Qahirə və Nil çayı çox gözəl və füsunkar görünür. Gecə işıqlar elə yanır ki, Qahirə nağıllardakı kimi sirli görünür. Ancaq şəhərin içində zir-zibil adamı bir az məyus edir. İnsanlarının özlərində isə sanki bir az biganəlik var. Məsələn, əgər xarab olmuş nəyisə düzəltdirmək istəyirsənsə, günorta saatına gələcəyini söz verən ustanı üç, dörd, on günlərlə gözləməli olursan. Bu cür gecikmələr burda adi haldır. Misirlilər özləri də gülə-gülə deyir ki, bizim millət əgər desə ki, bukra, yəni sabah bu bukra olacaq bir il. Bu da bu şəhərin bir qəribəliyidir”.
Arzu müəllimlə Misirin isti günündə, tətilə təsadüf edən görüşümüzdə onun musiqi dərslərində çox istəsəm də iştirak edə bilmədim. Amma görüşümüz öz-özünə axarlı keçdi. Ərəb məmləkətində sənətkara uğurlar.

Oktyabr 5, 2010 - Posted by | Uncategorized

Heç bir şərh yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma