Baki Nagili's Blog

Səhradan dönüş

“Ahh. Əgər mən vəhşi səhrada yaşasaydım!!!”
Bayron
Uşaq vaxtlarından bir kitabın səhifəsini kəsib məktəb gündəliyimin arasında saxlayardım. Və hər dəfə barmaqlarımla ona toxunduqca özümü qədim Misirdə, Nilin sahilində ehramların tikilişini seyr edən kölgə kimi hiss edirdim. Səhranın yandırıcı günəşi altında Nilin həzin-həzin axan sularını təsəvvür edərək hər biri 1 ton ağırlığında iri daş parçalarını sürüyüb aparan qullara baxdıqca…Budur. Dünyanın yeddi möcüzəsindən olan ehramların vətəni Gizanın küçələrilə ilə şütüyürük. Maşın sürətini artırdıqca alçaqboylu evlər və seyrək palma ağacları geridə qalır və sən yaxınlaşırsan. Evlərin arxasından onun kəlləsini gördükdə həqiqətə çatdığımı dərk etdirdim. Düzü bilmirəm nədəndirsə, həmişə insan bacarmadığı bir şeyi başqasının etdiyini görəndə onu möcüzə adlandırır. İndi mən də bu möcüzənin kuliminasiya nöqtəsini görürdüm.
Misirdə təhsil alan məktəbli və tələbələr üçün 30 cüneyhə, turistlər və qalan yerli əhali üçün 60 cüneyhə qiyməti olan biletin özümə uyğununu alıb keçiddən keçirəm. Qarşımda səhranın başlanğıcı və tarixin yaddaşına əzəmətlilik, vahiməlik, əzazillik, əbədilik təcəssümü kimi həkk olunmuş Xeops ehramı durur. Sən demə həqiqətlər ona toxunduqca həqiqət olurmuş.
“Ucaldın! Mən əbədiyyətə qədər qalacaq Firon Xeopsam. Siz qulların, kölələrin ölməz Tanrısı. İndi mənim qarşımda diz çökənlər əsrlər keçib, nəsillər dəyişdikdən sonra belə sərdabəmə baş əyəcəklər”.
Ehramın tikilişi elədir ki, içəri sərdabəyə daxil olduğun zaman qapının kiçikliyindən fironun sərdabəsi qarşısına baş əyib girməli olursan. Ordan götürdüyüm qeydlərə əsasən, ehramın bucaqlarının hündürlüyü 230 metrə çatır. Tikilməsinə 2 mln. 300 min hər bir 1-1.5 ton ağırlığında iri daşlar sərf olunmuşdur. Mənbələrin verdiyi məlumata əsasən, ehramın tikilməsində 25 min nəfərə qədər işçinin əməyi olmuşdur ki, bunun da təbii ki, 1%-i saray mühəndisləri ola-olmaya. Qalanları istismar olunan qullar və müharibə zamanı gətirilən əsirlər idi. Yeni tikildiyi zaman Xeops ehramının üzərinə qızıl suyu çəkilibmiş. (Yəqin ki, burda daşlar nəzərdə tutulur). Bu da ona baxmaq istəyən hər bir kəsə günəşin şəfəqlərindən yaranan işıldamalarla maneələr yaradırdı. Deməli, firona cürət edib sağlığında baxa bilməyən xalq ölümündən sonra onun qəbrinə də baxmamalı idi.
Xeops ehramı ətrafında qalan ehramları da görə bilərsiniz. Lap kiçiklərinin daşları ovulmuş şəkildədir. Ancaq Hafra ehramının ətrafında mühafizə polisləri var. Və ehram daşlarından birinin üzərinə yazılıb: “No Climbing!” (Çıxmaq qadağandır). Bunu ehramın qarşısına sürüşüb düşən daşları görəndə anlayırsan.
Əgər ehram ətrafında ərəb alverçiləri olmasa, onda bu gəzintini boş bir şey sayın. )) Onlar əvvəlcə sizə yaxınlaşıb satdıqları şeydən hədiyyə edirlər. “Həzə hadeyyə” . (Bu hədiyyədir). Sonra deyir sən də mənə hədiyyə ver. Deyirsən ki, hədiyyə edəcək bir şeyim yoxdur, o zaman əvəzində pul istəyir. Və beləliklə, sənə verilmiş hədiyyənin dəyərini istəməsən də ödəməli olursan.
Ərəbi dəvəsi ilə birgə ehramların yanında təsəvvür etməmək müşkül məsələdir. Onu da qeyd edim ki, Misirin turizm zonası olmasının əhaliyə də çox xeyri vara. Şəhər ətrafı kəndlərdə yaşayan adi savadsız ərəb belə turistlə dil tapa bilir. Müşahidə etdiyim qədərilə burda ərəb alverçilərinin və dəvə sahiblərinin ən çox istifadə etdiyi ifadələr ingilis, türk, rus dillərindən idi. Dəvə gəzdirən balaca ərəbdən tutmuş polisinə qədər əgər sənin türk millətindən olduğunu bilirlərsə bu vaxtı aralarında məşhur olan devizi səsləndirirlər:
Yəvaş-yəvaş
Həsan Şaş
Özlüyümdə fikirləşirəm ki, bu Hasan Şaş necə qol vurubsa, topla birgə ərəblərin qəlbinə türk sevgisini də atıb.
Dəhşətlər atası SFİNKS-insan başlı, aslan bədənli bu nəhəng heykəlin sirrini dünya arxeologiyası deyəsən açmaq istəmir. Amma ehtimala əsasən, Sfinksin qabaq pəncələrinin də əslində yeraltı sərdabələrdən ibarət olduğu bildirilir.
Səhranın bağrında öz nəhəngliyini saxlayan Xeops ehramı, dünya insanlarını özünə cəlb edən Sfinks-hər biri bir insanın digərləri üzərində ağalığının, zülmün, əsarətin nümunəsidir. Və həm də bəşəri sivilizasiyanın ən gözəl nümunəsi. Əsrlər əvvəl insan beyninin icad etdiyi labirintli, çətin sxemli, ağır qoxulu, havasız ehram məbədlər, torpaq altda hələ də tapılmamış sərdabələrilə insanları səsləyən səhraya əlvida.
Həqiqətən də, səhra kişilərin ağlını başından alan gözəl qadın kimidir.

Avqust 14, 2010 - Posted by | Uncategorized

Heç bir şərh yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma