Baki Nagili's Blog

>Tikdim ki, gözün çıxa

>Tikirlər, tikirlər, tikirlər…
-Əyri getdi!!!
Sökürlərrrrrrr, yenidən tikirlər,
Bu dəfə özü sökülür!
Bəli, bəli… Keçən dəfə Azadlıq metrostansiyasının üstündəki parkın asfaltı necə çökmüşdüsə, sonra yəqin elə o üsulla da qaldırdılar. Abadlıq yaxşı şeydir. O vaxtı deyirmişlər ki, Yekaterina at belində kəndləri gəzməyə çıxanda dvoryanlar qabağına bir-iki kəndlini geyindirib-keçindirib çıxardar, kraliçanı gül atəşinə tutdurarmışlar. O da yəqin şellənib heç kəndin içinə ayaq basmazmış. Uzağı basa-basa hansısa varlının evində yeyib-içib yenə də faytonda yallah saraya. Lap bizim bu yollar yadıma düşdü. Gələn əcnəbiyə kənardan kababın iyi yaxşı gəlir. Day bilmir ki, o kababı yeyəndən sonra necə qarın ağrısına düşənlər var…
Çoxxx qəribədir, əksəriyyət bəlkə də bu sualı özünə verir: Niyə Nəsimi stansiyasından sonra Azadlıq gəlir?!

Advertisements

İyul 26, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>Dəyərini itirmiş sərvət

>

       

28 May metrosundan çıxanda çoxunuz əlində şəkildəki kağızları tutan  adamlar görə bilərsiniz. Bunlar ümidini sərvətə itirmiş, 3-4 manata göz dikən  vətəndaşlardır. Yəqin ürəklərində hərdən Sovetin dalıyca rəhmətdən zaddan oxuyurlar. Sosializm dövründə hər kəs ictimai mülkiyyət formasına uyğun eyni yeyir, içir, eyni nəfəs alırdı. İstəyirsən səhərdən axşama qədər işlə, yenə toyuğun bir qıçı sənin, biri də qapıbir qonşunun idi.

Vaxt dolandı, vədə yetdi, SSRİ aradan getdi. Bax onda bu ictimai mülkiyyətdən xalqa çatacaq hissə çeklər şəklində hər bir vətəndaşa paylandı. Həmin bu şəkildə gördüyünüz rəngli kağızlar qiymətli kağızlar silsiləsinə daxildir. Mülkiyyətin bir hissəsini təşkil edir. Vətəndaş istədiyi bir müəssisəyə öz çekini sərmayə kimi qoya bilər. Əvəzində dolanar. Adama deyərlər, deee gələ! Ay dolanduna…
Nənəm həmişə öz çekini əzizləyib naxışlı sandığında şalın arasına qoyar, deyərdi: “Vaxt gəlicey, buların qiymeti 5-6 min rubl olucey. Onda cəmaət qərəgün də bir ağ gün görər”. Amma iqtisadiyyatı düzgün tənzimlənməyən bir ölkədə bu gün bu qiymətli kağızlar Bakı konfetlərinin kilosu qiymətinə-4-5 AZN-yə satılır. Dəyərini itirmiş sərvət buna deyərəm. 

İyul 25, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>Ac həriflər-Aclar həriflər

>

Çoxdandı ki, əl üzmüşük öz Allahımızdan
Allah bizim Allahdır, keçər günahımızdan.
Bir quş kimi şeytan yuva qurmuş içimizdə
Baxsan görünür barmağı hər bir işimizdə
Qardaş, niyə yoldaş, bəs niyə bəs özü görünmür
Şeytana papaq tikmişik buynuzu görünmür.
Hamıya kələk gəlməyə biz ustayıq usta
Hamıdan əzəl gəl kələyi qardaşa, dosta
Dost özgə deyil, qorxma, keçər günahımızdan
Çoxdandır ki, əl üzmüşük öz Allahımızdan

De, bunca lotu meydana birdənmi çıxıbdır?
Göydənmi enib, yoxsa ki, yerdənmi çıxıbdı?
Qoy kimsə baxıb, pozmasın öz halını indi
Əkdiklərimizdir, dəririk barını indi.

Öz bağımızın meyvəsidir, dadına bir bax,
Heyvasına, almasına, armuduna bir bax.
Nə səpmişiksə, o cücərir torpağımızdan
Çoxdandır ki, əl üzmüşük öz allahımızdan

Çoxdandı ki, əl üzmüşük öz Allahımızdan
Allah bizim Allahdır, keçər günahımızdan.
P.S. “Ac həriflər” tamaşasından

İyul 20, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>Xəbərdən ətərə: Kakao içmək eşşəkləşdirir!

>Xəbərlər göstərir: Hindistanda ağır dəmiryolu qəzası olub. Hindistanda bu demək olar ki, hər həftə adət halını almış bir qəzaya çevrilib. Bu ingilislər də, Hindistana dəmiryolu xətti çəkərkən lap labirint sistemindən istifadə ediblər. İndi qatarlar xəttə çıxarkən hər dəfə nəsə maneə ilə üzləşirlər. Fil Dişi Sahili ölkəsində (Kot-divuar) bloger və onun 3 nəfərlik komandası Kofe və Kakao biznesindəki korrupsiya haqqında gizli məlumatları yayımladıqlarına görə həbs olunublar. Bura baxın… Adını blogger qoyub ekvatordan bir az o yana, Azərbaycana baxsaydı, bilərdi ki, o boyda eşşəklərə görə adama xuliqan stautusu verilirsə, iki kol kofe-kakaoya hay-hay olacaq.
“Çudo-Peçka”da qəlyanaltı zamanı işçi bir qadının iki yeniyetmə oğlana kimisə güdmələrini tapşırdığının şahidi oldum. Hətta izləniləcək cütlük, gediləcək marşurt dəqiqliyinə qədər uşaqlara izah edilirdi. Uşaqlar isə bunun üçün 10 AZN məvacib tələb etdilər. Maraqlıdır, bu cür işlər uşaqlarda “suka”lıq kimi vərdişlərin formalaşmasına gətirib çıxarmır ki?
Dünən təsadüf nəticəsində öz yerli kanallarımızda eşitdim: Ölkəmizdə iş problemi yoxdur. Düzdür!!! Yoxdur!!!
Desəniz ki, var, yeddi arxa dönənizə qədər səhvsiz, yalansız.

İyul 19, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>Azərbaycan gəncliyi problemsizdir?

>Vətəndaş Həmrəyliyi Partiyasının 15 iyul “Azərbaycan Gəncliyi: problemlər və perspektivlər” mövzusunda forum-dialoqundan eşitdiyim və qeyd etdiyim çıxışları atıram blogumun qızıl arxiv səhifələrinə. Amma forumun moderatoru Samir Əsədli yerini yanındakı oğlana verəndən sonra bəzi çıxışların kim və haranı təmsil etdiklərini eşidə bilmədim. Məclisi sona qədər moderator özü idarə etsəydi…

Azərbaycan Gənclər Platformasının sədri Orxan Qafarlıya görə Azərbaycan gəncliyinin ən böyük problemi təhsillə bağlıdır. O həmçinin dövlətin xaricdə təhsil proqramından bəhs edərək vaxtilə müxalif yönlü gənclərin bu proqrama müraciət edərkən problemlərlə qarşılaşdığını da vurğudı və 2005-ci ildə siyasi baxışlarına görə neçə gəncin universitetlərdən qovulduğunu bildirdi. Orxan Xəzər və Qərb universitetlərində siyasi-iqtisadi klubların fəaliyyət göstərdiyini bildirərək bunun digər təhsil ocaqlarında yaradılmasına yardımçı olmağı təklif etdi”.
Müsavat Gənclər təşkilatının sədri Tural Abbaslı Azərbaycan gəncliyinin ilk əsas probleminin siyasi azadlıqlar olduğunu bildirdi: “ Azərbaycan gəncliyinin əsas problemi siyasi azadlıqlar problemidir. Ruslan Bəşirlini götürək. Ona atılan ittiham nə idi, həbs olunduğu maddə nədir? Ermənilə görüşməkdə ittiham olunursa, İlham Əliyev Sarkisyanla görüşəndə əl də tutur, gülə-gülə şəkil də çəkdirir. Ölkədə qeyri-qanuni universitet açılır, jurnallarda reklamı gedir, səhəri gün diplomu tanınmır. Misir Mərdanovla Məleykənin alıb-verəcəyi var deyə gənc əziyyət çəkir.
İpoteka krediti tətbiq ediləndən hansı gənc bundan istifadə edə bilib? Şərtləri əlverişsizdir. Qarabağın de-fakto verilməsi gedir. Belə götürsək, Qarabağın qaytarılmasını gərək ermənilərə borclu olaq. YAP-dan olsa 3-5 ildə qalandan sonra Qarabağı verər, təkcə Bakının Nizami küçəsini saxlayar. Regionlara nəzər salaq. Neçə həmyaşıd taparıq söhbət etməyə? Əksəriyyəti Rusiyanın müxtəlif şəhərlərində alverə gedib. Heç bilinmir də harda hansı skinxetlə rastlaşır, başına nə gəlir. Biz bunları yaxta batıran, ayı əti bişirtdirən, İsveçrədə maşın yarışları təşkil edən gənclikdən yox, problemlər içində olan gənclərdən bəhs edirik.
10 Dekabr GT-nin sədri Sənubər Heydərli: “Biz hesab edirik ki, ölkədə demokratikləşmə baş tutmayınca Qarabağ, türkçülük və digər bir şeyləri problem mövzusu olaraq qalacaq. Vətəndaşın ilkin tələbatı imkan vermir digər problemləri düşünməyə. Təhsilə baxanda 10 il əvvəlkindən daha aşağı səviyyədədir. Gənclərin, yeniyetmələrin maarifləndirilməsi üçün onları internet istifadəçisinə çevirmək, kitab mütaliə etməyə cəlb etmək, nəyi oxuyacağını göstərmək, əyalət gəncləri ilə mərkəzin fəal gəncləri arasında əlaqə yaratmaq lazımdır”.
AXC təmsilçisi Seymur Həziyev: Fikir verin. Orta və məktəbəqədər təhsil sıradan çıxıb. Keçən illərdə nə qədər baxça ğzəlləşdirildi, söküldü, yerində göydələn tikildi. Qarabağla bağlı problemə gəldikdə burda Madrid prinsiplərindən bəhs edən Seymur Həziyev əsas bu 3-lüyü vurğuladı:
1. Əgər Qarabağa sülhməramlılar yeridilirsə, ərazi bütövlüyündən söz gedə bilməz.
2. Koridor verilirsə, suverenlik sual altına düşür.
3. Referendum – Kəlbəcər və Laçının statusu referenduma qədər qalır.
Statuslarımızın tanınması üçün ölkədə demokratik mühit yoxdur.
“Xural” qəzetinin redaktoru Əvəz Zeynallı: “Ölkədə ən vacib məsələ azadlıqdır. Biz bu ölkədə gəncliyimizi yaşamadıq. Sistemin özü gəncliyin qarşısında acizdir. ADNA hadisəsi özü-özlüyündə ciddi prosesin yaranmasına səbəb oldu. Bloqlaşmanı göstərək. Azərbaycan gəncliyinin təşkilatlanmaqdan başqa yolu yoxdur. Turalgilin uğursuz debatına baxmayaraq, istəyərdim gənclərin qəzet redaksiyalarında debatları təşkil olunsun. Əbulfəz Qurbanlının fəaliyyətini daim izləmişəm. Mən ölkənin siyasi təşkilatlarındansa, gənclər təşkilatlarının fəaliyyətini daha  çox dəstəkləyirəm”.
Ümid partiyasının sədr müavini Taleh Vəliyev: “Gəncliyin ümumi problemi idarəçilikdən doğan problemdir… Bu gün siyasi müydanda uğursuz görünən müxalifət bir vaxt ölkənin aparıcı gəncləri olublar”.
ADİP gənclər təşkilatının sədri Cəmil Hacıyev debat klubların təşkilinin gözəl olduğunu vurğulayandan sonra Mədəniyyət Nazirliyinin 4-5 kitabxanın bağlanması ilə əlaqədar verdiyi rəyə münasibət bildirərək, bunun maariflənməyə ziyan vura biləcəyindən danışdı.
Tarıyel adlı forum iştirakçısı: “Gəncləri dinləyirəm, elə danışırlar elə bil partiya sədrləri çıxış edir.  Hansı gənc bu gün kitabxanaya gedir, mütaliə edir? Kitabxanalar boşdur. Problemi özümüzdə axtaraq”.
Dalğa Gənclər Təşkilatının fəalı Rövşən Nəcəfov: “Bu gün sosial şəbəkə Facebookda gənclər aktivdirlər. Bilirsiz təhsilin 3 forması var. Formal-universitet, məktəb, kollec və s. Qeyri-formal və ya non-formal-seminar, training, leksiya və s. və bir də informal-insanların bir-birinə dediyi, eşitdiyi çayxana söhbət zad. Gəlin baxaq. Facebookda kim-kimə hansı təhsili, məlumatı verir. Verilən məlumatlar nə qədər lazımlıdır. Bu gənclərin informasiya problemi.
Mənim təhsil problemim var. Mən oturub gözləməməliyəm ki, Misir Mərdanov nə vaxt gedəcək. Gənclərlə görüşlər təşkil etmək lazımdır. Prinsiplərlə hərəkət etməliyik. Rəsulzadə, Elçibəy, Nəsiminin hərəkət etdiyi prinsiplərlə-Öncə İnsan!
Mən təhsilin nə olduğunu Emin Millinin “Açıq Hava” universitetində öyrəndim. Bunu regionlara gedərək açıq havada tətbiq edirdi.  Dalğanın fəaliyyəti haqda isə: təklif edərdim, heç kim heç kimə şər atmasın. Bu ölkədə hər kəs həqiqəti deyir, hər kəs də satqındır? Mirzə Ələkbər Sabiri Bakı qoçularına döydürürdülər o zaman. Amma dərk etmirdilər, Sabir onların özlərini tənqid edir. Sabir onları tənqid edirdi. Zaman dəyişdi, onlar dəyişmədi…”
“Millətçilik” qəzetinin baş redaktoru Pərviz Elay: “Azərbaycan gənclərinə İranın da, Avropanın da, Rusiyanın da zaman-zaman marağı olub. Əvvəl-əvvəl kamikadze yetişdirirdilər, indi qısa şalvar, saqqal yoxdur, kostyum var, təmiz qırxılmış siftə var. Görünüşdən nə fayda, beyin, düşüncə ki eynidir”.
Gənc Liderlər təşkilatının sədri Fərid Şahbazlı- “Burda Qarabağla bağlı hay-küy oldu ki, Qarabağ əldən gedir. Mən ölkənin birinci şəxsinin dediyinə inanıram. Təhsillə bağlı problemlər var….Tural Abbaslı dedi ki, İlham Əliyev erməni lideri ilə görüşdüyü üçün buna cinayət açmaq lazımdır. Ancaq İlham Əliyev ölkənin lideridir. Ölkənin mənafeyi üçün görüşməlidir”.
Vəkil Xalid Şürür: “Gənclərin sosiologiyasında deyilir ki, gənclik cəmiyyətin aynasıdır. Gənclik cəmiyyətdə statusu olmayan qrupdur. Gənclik bitdikdən sonra statuslar başlayır. Bizim gəncliyimiz olmayıb. Biz qeyri-ənənəvi cəmiyyətdə yaşayırıq. Gənclər cəmiyyətə düşən kimi ağır yük daşıyan fərdlərə çevrilirlər. Bizim tipli cəmiyyətlərdən fərqli olaraq normal cəmiyyətlərdə gənclərin mövqeyi formalaşır. Bu gün bu forumda iştirak edən gənclərin əksəriyyəti 2000-ci ildə formalaşıb gələn gənclikdir”.
Köşə yazarı Qanturalı: “Mən ideologiya cəhətdən marksistəm. Azərbaycanda Marksın formasiyalarına uyğun desək, vəhşi kapitalizm hökm sürür. Marks deyirdi ki, bu kapitalizm bilsə ki, 300 % gəlir əldə edəcək, arvadını satar. İndiki hakimiyyət mədəniyyəti, təhsili, səhiyyəni bu yolla satır. Burada Qandidən, Elçibəydən, Rəsulzadədən danışıb özünü İlham Əliyevin adını çəkməkdən sığortalayanlar heç adlarını çəkdikləri adamların fəaliyyətini bilmirlər. Ümumiyyətlə, İlham Əliyevin legitimliyini tanıyan adamlar danışmamalıdırlar. O, saxta yolla hakimiyyətə gəlib. Burada millətçilikdən danışdılar, mən bu ideologiyaya həmişə hörmət etmişəm. Ancaq indi millətçilikdən istifadə edən mundarlar bu ideologiyanı məhv ediblər”.
Forumun Mehdi adlı iştirakçısı: “Hamı Elçibəydən danışır. Elçibəy ideoloq deyil. Elçibəyin oxuduğunu oxumaq lazımdır, Elçibəyi yox. Heç kim öz tutduğu ideologiyanı bilmir. Avropalaşan gənc, hansı Avropalı ideologu oxuyub, tanıyır? Heç birini. Bu gün özünü millətçi adlandırıb təşkilat yaradan gənclər. Bir az forumlarda danışıb. günün qalanını ya parkda keçirirlər, ya da çayxanalarda”.
Jurnalist Zahir Əzəmət: “Problemlərin bütün kökü gedib çıxır iqtisadiyyata-İqtisadiyyatın dəyişdirilməsi. Amma necə? Bu necəlik həll olunmalıdır. Problemin həlli üçün birləşib müəyyən nöqtələr tapılmalıdır. Gənclər arasında qarşılıqlı münasibətlər olmalıdır. Hamını bir yerə yığıb parçalama xüsusiyyəti olmamalıdır”.
VHP-jurnalist Elçin Zahiroğlu: “Gəlin müəyyənləşdirək ki, zərbaycan gəncliyinin ortaq nöqtəsi varmı? Fikir verin. bizdı ittiham etmələr çoxdur. Məsələn, bu gün mitinqlərdə iştirak etməyən ittiham olunur. İttiham etməyək. Əgər yol polisi məndən rüşvət tələb edirsə, çıxıb buket keçirim. Başqalarıda səbəblə maraqlanacaq, problem eyni olduğundan gəlivb qoşulacaqlar. Və ya camaat görsə ki, belə sosial problemlər üçün keçirdiyi buket, etirazlar nəticəsində bir jek müdirini dəyişə bilirsə onda gücə inanıb sabah mitinqə də gələcəklər”.
P.S. Forumu bağlı elan edirəm!!!

İyul 17, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>Bir fahişe sabaha karşı

>Bir fahişe sabaha karşı
Çok seksiymişim öyle diyor
Gülüyoruz yalanına
Karşılıklı anlayışlı
…….
Sordum, niye sattın diye yoksulluğunu
Elimde değil, sadece oydu.
Niye sattın vücudu
Dahamı kötü dedi satmakdan ruhumu?

Teomanın “Fahişə“sindəndir bu sözlər.
Bəzən həyat özü insanları fahişə edir. Bəzən insanlar insanları. Aldadaraq, ataraq, öz məqsədləri üçün başqalarını arxalarıyca sürüyərək.
Adətən əsərlər yazarkən fahişə obrazlarında qadınları təsvir edirlər. Qara və ya qırmızı  geyimdə qadınları. Küçələr başlı başına. Sənə nə küçədə fahişə dediyin qadınlardan. Sən gündüzün günorta çağındakı ətrafındakı xəbərçi fahişələrə bax. Onlar cisimlərini satanlardan daha alçaqdırlar…
Bir fahişe sabaha karşı
Cismini deyil, ruhunu satmış…
Sabah düzenlenecek memleketin
Azatlığın ayaklamış
Bir fahişe sabaha karşı

İyul 11, 2010 Posted by | Uncategorized | 4 Şərh

>Hillaridə belə getdi

>Hillari Klintonda belə gəldi getdi. İnanırsız, qonaqpərvər millət olduğumuza nifrət edirəm. Hər Binə hava limanından qonaq-gəlib gedəndə yolları 20 dəqiqəlik də olsa, dondururlar. Maşın maşına girir. Düzdüye, adam özündən böyüyə hörmət edib yol verər, ammaa…
Dəllək qabağında Əmrulla qoyun qığlarına baxa-baxa “tay-tuş”larına müraciət edirdi: Ala, mən ölüm, bu Klintonun arvadıda gəldi-detdi, görəsən ərməni köpeyoğlu Qərəbağı qeytəricey?
Əbdüləli kişi: Əşii, Qərəbağı saxlaye, sən diyinən ki, bu arvad uşaq-muşağnan görüşənəcən, məniynən görüşseydi, kənd avtobuslarından şikayet edərdim. Heç olmasa 2-3 sürətli eşşey göndərərdi.
P.S. «Vaşinqton Post» yazır: «Dövlət katibi Hillari Rodem Klinton Polşada demokratiyanı dəstəkləyən çıxışından sonra bazar günü elə bir ölkəyə getdi ki, burada iki bloqqer həbsdədir, prezidentin səlahiyyət müddətini ləğv etmək üçün keçirdiyi seçkilər qüsurlu sayılır».

İyul 5, 2010 Posted by | Uncategorized | 1 Şərh

>"İslam və Demokratiya" seminarı

>Alga-nın Fridrix Nauman fondu ilə birgə Nabranda təşkil etdiyi “İslam və Demokratiya” mövzusundakı seminarında bu mövzular ortaya qoyulmuşdu.1. Demokratiya: Liberal baxış (Dr. Volfqanq Yon)
2. Azərbaycanda İslamın Siyasətə təsiri: (Ərəstun Oruclu)
3. Azərbaycanda müsəlman toplumu və demokratik dəyərlər: dünən, bu gün və sabah
4. Qloballaşan dünyada İslam və Demokratiya necə müttəfiq ola bilər: maneələr və imkanlar (İlqar İbrahimoğlu)
5. İşçi qruplar: Azərbaycanda siyasi İslam: Mif və ya reallıq?
6. İslam və demokratiya: 2 fenomenin müqayisəsi (İlqar İbrahimoğlu)
7. İslam və insan haqları: 2 fenomenin müqayisəsi (İ. İbrahimoğlu)
8. İşçi qrup: Azərbaycanda dini dözümlülük : ənənələr, mövcud durum, çağırışlar və həlli yolları
İşçi qrupların işi xüsusilə maraqlı oldu.
Seminar iştirakçıları 3 qrup şəklində “Azərbaycanda siyasi İslam: Mif və ya reallıq?” və “Azərbaycanda dini dözümlülük : ənənələr, mövcud durum, çağırışlar və həlli yolları” adlı mövzuları öz müzakirələrinə uyğun təqdim etdilər. Bunu da qeyd edim ki, işçi qruplarında ALGA, Dalğa, İrəli və Gənclər Klubu üzvləri və media nümayəndələri iştirak edirdi. Qısa məzmun bu cür oldu:
I qrup: Azərbaycanda İslamın siyasətə tədsiri varmı?
1. Mif deyil, mif o zaman olar ki, bu yox dərəcəsində olsun
2. Reallıq deyil, İran misalı
3. Cüzi təsir- Səbəb → İstək
  Sübut → Təsir
4. İnkişaf meyli var və nəticəsi yaxşı olmayacaq

II qrup: Azərbaycnda siyasi İslam mifi realdır.
1. Neomakeavellizmə görə cəmiyyəti idarə etmək üçün düşmən obrazı yaratmaq
2. Ölkədə siyasi azadlıqların boğulması (insanları radikallığa sövq edir)
3. Dövlətçiliyimizə qarşı yönəlmiş ölkələrin xüsusi xidmət orqanları bundan öz məqsədlərinə uyğun istifadə edir.
4. Dini maarifləndirmənin zəif olması, inanclı şəxslərin hər hansı dünyəvi məqsədlər güdən şəxs tərəfindən istifadə olunmasına gətirib çıxarır, bu da artıq Azərbaycanda siyasi İslamı mifdən reallığa çevirir.
III qrup: Nə mif, nə reallıq?
1. Çünki İslamın nə olduğunu əksəriyyət bilmir
2. Dinlə bağlı maarifləndirmə düzgün aprılmır
3. Siyasətin İslama təsiri var, əksi yox

İyul 4, 2010 Posted by | Uncategorized | Bir şərh yazın