Baki Nagili's Blog

>Durnalar qayıdanda, dəniz də qayıdar geri.

>

Arxadan gülüş səsləri eşidirdim. Onlar məni ələ salaraq gülürdülər. Və hər dəfəsində qışqırmaq, acılamaq istəyirdim. Geri döndükdə isə sahilboyu qəhqəhə çəkən qağayıları görürdüm. Mavi Xəzərin sahillərində səhər günəşini üfüqdəcə qarşılayan ağ qağayıların qəhqəhəsi və bir də…
Bəlkə də siz məni başa düşməssiz. Amma mən hər dəfə Mikayıl Müşfiqin bu misralarını eşitdikcə içdən yanıram:

Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara…

Mənim uşaqlığım onun sahillərində, isti qumlarında keçib. Körpəlikdən dayaz sularında çimə-çimə dərinliklərinə can atırdım. Heç böyüdükdən sonra belə çox da dərinə gedə bilmədim. Mən Xəzəri sevsəm də, o çox vaxt onu sevənləri sevmir. Bilirsiz niyə? Onu “sevənlər” sevənlərdən çoxdur deyə. Yadıma gəlir, uşaq vaxtı Müşfiqin adı yazılmış qayalıqlar tərəfdə onun adını tapmaq üçün yarışa girərdik. Sonra kiçik bulağın axdığı yerə getmək üçün futbol “polya”sından qaça-qaça keçərək qurbağalı qamışlığa girərdik. Burada bütün dənizin kənarı ovcunun içində idi. Hələ qaynar qumlar ayağımızı yandıra-yandıra özümüzü suya atmağımızı demirəm. Bir də gördün buduya, kiminsə suya basdırdığı qarpızın üstünə çıxmısan. Hələ yaş bədənə qızmış qumda ayaqlarını basdırdıqca, ilin bütün nəmişliyinin bədənindən necə çıxdığını hiss edirsən. Onu da deyim ki, dəniz kənarındakı kəndlərdə rütubət çox olduğundan bu bölgələrdə əsasən revmatizm xəstəliyi geniş yayılır. Bunun da müalicəsi saat 4-5 arası ayaqların isti quma basdırılmasıdır.

O zaman dənizin iyi də başqa cür idi. Mən böyüyə-böyüyə, dənizin də iyi də dəyişdi, dərdi də böyüdü. İsti qumları iki ilin içində hara yox oldu bilmirəm. İndi stolu 2 manatdan olan kafelər az qalıb girib otursunlar suların içində. Mənim hər gün nəinki 2 manat, heç həftədə 2 manat verib o plastik kreslolarda oturub dənizə baxmağa nə niyyətim, nə də imkanım var. İmkanım olsa da vermərəm. Mən dənizin qoynunda böyüyüb, sahillərində yıxılıb-duran sakinlərindənəm.
Yaza bilmirəm! Yaza bilmirəm ki, dəniz xalqın ümumi sərvətidir. Ümumi sərvətləri bölmək olmaz!

Yaza bilmirəm ki, sizin dəniz qumluqlarında ucaltdığınız “mirvari dənəli” istirahət villaları mənim qamışlı bulağımı əlimdən aldı.
Yaza bilmirəm ki, Mir Cəfərov Bağırovla Mikayıl Müşfiqin ortaq sevgisi Xəzər idi. Onların ikisinin dəniz xatirələrinə şərik olan dənizin satılan suları. O sular ki, bir hissəsi hasara alınaraq dəniz hovuzlarına döndülər.
Bilirsiz indi mən kiməm? Uşaqlıq xatirələri əlindən alınmış gənc qız!
Qumlu sahilləri əlindən alınmış xəstə qadın!
Havasında hər səhər nəfəs alaraq qaçan, qayalıqlarında balıq tutub övladlarına aparan kasıb kişi!
Və nəhayət satılmış dənizin məzlum seyircisi.
Nə qədər arzular qayıdır geri,
Durnalar qayıdanda, durnalar, durnalar…..
P.S. Yazım sosium.com saytında dərc olunmuşdur.

İyun 21, 2010 Posted by | Uncategorized | Bir şərh yazın