Baki Nagili's Blog

>1 Iyun- Kim kimi qoruyur?

>

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “ Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Və bu qərardan etibarən iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Mənim uşaqlığımdan yadımda qalan hansısa bayramda 5 yaşımda atamın çiynində şar əlimdə metroda getməyim olub. Kişiyə ha deyirəm yadına sal hansı gün idi, xatırlaya bilmir. Elə o müəmmalı gün də mənim 1 iyunumdur.
Digər ölkələri bilmirəm, amma bizim ölkənin uşaqları məncə bir elə də maraqlı uşaqlıq yaşamırlar. Atılmış uşaqların öz problemləri, ailədəki uşaqlarında özlərinə xas mənəvi problemləri olur. Uşaq evlərindəki problemləri çoxumuz bilirik. Və tez-tez savab qazanmaq xatirinə həmin evlərə üz tutanlar da az olmur.
Məni maraqlandıran ailə içindəki uşaqların problemləridir. Valideyn olduğumuz zaman nədənsə özümüzün uşaqlığını xatrlamaq istəmirik. Və bu zaman güclünün zəifə zorakılığı başlayır. Uşaq düşüncələrini zorlama, uşaqların saf dünyasına təzyiq. Bu da tərbiyəli ailələrdə vəhşi insanların böyüməsinə şərait yaradır. Sən şəxsiyyət olandan sonra hiss edirsən ki, keçmişdən içində bir hərislik, ehtiras qalıb. Bunlar sənin uşaqlıqda qumdan təpələr düzəltməməyindəndir. Ağ köynəklərini rəngli boyalara batırmamağındandır.
Bir dəfə metro dilənçi qadın 4 yaşlı oğluna necə şillə vurdusa, qarabəniz uşaq  əcaib rəng aldı. Mavi gözlərindən axan yaş da, “ay ana, daha inanmıylayee” sözləri də göstərirdi ki, küçə həyatına alışdırılmış bu kiçik dilənçi vicdanını insanlar qarşısında satmaqdan bezib.
Heç bir körpə uşaq evinin pəncərələrindən aydın səmaya sevinclə baxmır. Bunu onların özlərindən soruşub gözlərindən görə bilərsiniz. Görmək istəsəniz. Heç bir balaca dilənçi böyük insanlar qarşısında öz vicdanıla əl açıb dilənmir. Siz küçə uşaqlarının ehtiyaclarını bilirsiz, bəs hansınız evinizdəki uşağın mənəvi cəhətdən nəyə ehtiyacı olduğu ilə maraqlanmısınız? Yox, sizin ancaq uşağın yanına şillə vuracaq əliniz var.
Bu gün məni sevindirən bir şey “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin hazırladığı audio nağıllar diskinin nəhayət ki hazır olması oldu. Deyərdim ki, son illərin ən uğurlu layihəsidir. Bu bütün sağlam və əlil uşaqlara hədiyyədir.
Təklif edirəm hərdən özümüzə sual verək: Kim kimi qoruyur? Böyüklər uşaqları, yoxsa əksinə?

İyun 6, 2010 Posted by | Uncategorized | Bir şərh yazın