Baki Nagili's Blog

>Dünya kimin üçündür?

>

Dünya kimin üçündür? Siz? Əlillər? yoxsa HAMI? Mən bildiyim qədərilə əksər ölkələrdə əlillər  sağlam insanlar kimi cəmiyyətdə gəzə bilirlər. Amma bizdə… 

Bu haqda çox danışmayım. “Sosial məsuliyyət və Sən” mövzusunda maarifləndirici aksiya məqsədi ilə bir qrup gənc olaraq şəhər sakinlərilə sorğu keçirmək qərarına gəldik. Bir vətəndaş kimi nəqliyyat vasitələrində pandusların olmaması məni narahat edir. Aksiyamızın fəaliyəti bundan ibarət idi: Şəhər sakinlərini əlil arabasına oturmağa dəvət edirik, sonra onlardan arabanı idarə edərkən hansı problemlərlə qarşılaşa biləcəklərini soruşurduq.

 Fikir versəniz əlil arabasında heç bir vətəndaşın parklarda gəzdiyini, nəqliyyatdan istifadə etdiyini gösməzsiniz. Bunun səbəbi isə onların cəmiyyətin “sağlam” vətəndaşları tərəfindən qeyri-sağlam qarşılanmalarıdır. Nəqliyyat vasitələrində panduslara rast gəlməzsiniz. Əlil bir insan cəmiyyətdən təcrid olunmuş durumdadır sanki. 
23-24 iyun tarixlərində keçirdiyimiz aksiyada az da olsa vətəndaşları maarrifləndirə bildik. Amma ikinci günü aksiya plakatlarımız polislərimiz tərəfindən alındı. Şəhər sakinlərinin asayişinin pozurmuşuq. Əhsən. Başa düşürəm indi, hansısa əlil öz arabası ilə nəqliyyatda indiyə qədər tıxac yaradırmış, o üzdən evdə oturması yaxşıdır. ((
Plakatları hazırlayanda Xalid Freeman yaxşı söz söylədi: Bir lal tək sənlə danışmaq üçün ilk öncə işarə dilini öyrənir, sonra dodaq oxumağı, səslər çıxarmağı. Amma sən nə edirsən onunla münasibət qurmaq üçün? Heç nə!
p.s. Azadlıq radiosu: Aksiyadan görüntü

İyun 25, 2010 Posted by | Uncategorized | 2 Şərh

>Durnalar qayıdanda, dəniz də qayıdar geri.

>

Arxadan gülüş səsləri eşidirdim. Onlar məni ələ salaraq gülürdülər. Və hər dəfəsində qışqırmaq, acılamaq istəyirdim. Geri döndükdə isə sahilboyu qəhqəhə çəkən qağayıları görürdüm. Mavi Xəzərin sahillərində səhər günəşini üfüqdəcə qarşılayan ağ qağayıların qəhqəhəsi və bir də…
Bəlkə də siz məni başa düşməssiz. Amma mən hər dəfə Mikayıl Müşfiqin bu misralarını eşitdikcə içdən yanıram:

Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara…

Mənim uşaqlığım onun sahillərində, isti qumlarında keçib. Körpəlikdən dayaz sularında çimə-çimə dərinliklərinə can atırdım. Heç böyüdükdən sonra belə çox da dərinə gedə bilmədim. Mən Xəzəri sevsəm də, o çox vaxt onu sevənləri sevmir. Bilirsiz niyə? Onu “sevənlər” sevənlərdən çoxdur deyə. Yadıma gəlir, uşaq vaxtı Müşfiqin adı yazılmış qayalıqlar tərəfdə onun adını tapmaq üçün yarışa girərdik. Sonra kiçik bulağın axdığı yerə getmək üçün futbol “polya”sından qaça-qaça keçərək qurbağalı qamışlığa girərdik. Burada bütün dənizin kənarı ovcunun içində idi. Hələ qaynar qumlar ayağımızı yandıra-yandıra özümüzü suya atmağımızı demirəm. Bir də gördün buduya, kiminsə suya basdırdığı qarpızın üstünə çıxmısan. Hələ yaş bədənə qızmış qumda ayaqlarını basdırdıqca, ilin bütün nəmişliyinin bədənindən necə çıxdığını hiss edirsən. Onu da deyim ki, dəniz kənarındakı kəndlərdə rütubət çox olduğundan bu bölgələrdə əsasən revmatizm xəstəliyi geniş yayılır. Bunun da müalicəsi saat 4-5 arası ayaqların isti quma basdırılmasıdır.

O zaman dənizin iyi də başqa cür idi. Mən böyüyə-böyüyə, dənizin də iyi də dəyişdi, dərdi də böyüdü. İsti qumları iki ilin içində hara yox oldu bilmirəm. İndi stolu 2 manatdan olan kafelər az qalıb girib otursunlar suların içində. Mənim hər gün nəinki 2 manat, heç həftədə 2 manat verib o plastik kreslolarda oturub dənizə baxmağa nə niyyətim, nə də imkanım var. İmkanım olsa da vermərəm. Mən dənizin qoynunda böyüyüb, sahillərində yıxılıb-duran sakinlərindənəm.
Yaza bilmirəm! Yaza bilmirəm ki, dəniz xalqın ümumi sərvətidir. Ümumi sərvətləri bölmək olmaz!

Yaza bilmirəm ki, sizin dəniz qumluqlarında ucaltdığınız “mirvari dənəli” istirahət villaları mənim qamışlı bulağımı əlimdən aldı.
Yaza bilmirəm ki, Mir Cəfərov Bağırovla Mikayıl Müşfiqin ortaq sevgisi Xəzər idi. Onların ikisinin dəniz xatirələrinə şərik olan dənizin satılan suları. O sular ki, bir hissəsi hasara alınaraq dəniz hovuzlarına döndülər.
Bilirsiz indi mən kiməm? Uşaqlıq xatirələri əlindən alınmış gənc qız!
Qumlu sahilləri əlindən alınmış xəstə qadın!
Havasında hər səhər nəfəs alaraq qaçan, qayalıqlarında balıq tutub övladlarına aparan kasıb kişi!
Və nəhayət satılmış dənizin məzlum seyircisi.
Nə qədər arzular qayıdır geri,
Durnalar qayıdanda, durnalar, durnalar…..
P.S. Yazım sosium.com saytında dərc olunmuşdur.

İyun 21, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>"Qum səhrasının generalları"

>19 İyun – İsveç. Kraliça ərə getməyə hazırlaşır. Daha doğrusu hazırlaşdığı ərə getmək üçün 3 günlük toy mərasimi başlayır. İsveçin gözəl qanunları var imiş. İl boyu vergi ödəyirsən, il sonunda sənə vergidən pul verirlər. “Bax, mən də belə qanun istəyirəm. Daha min hoqqadan çıxaraq ki, 60 yaşına qədər sağ qalıb + 10 il də artıq yaşayım ki, təqaüdə çıxandan sonra xoş gün görəm” yox!  Kraliçanın toyu haqqında təəssüratlarımı bölüşə bilmərəm. Amma yəqin ki, kraliçanın toyu canlı musiqisiz olmayacaq.

19 İyun – Bakı. Bu gün Bakıda toy deyil. Bakı özünün növbəti aksiyası oldu. Hüquqlarını tələb edənlərin etiraz aksiyası. Və aksiyaçıları göndərdilər Qobustana qaval çalmağa.
Aksiyanın yadda qalan hadisəsi iki gəncin xüsusi üsuli-idarə ilə həbs olunması idi.
Rəşadət Axundov – Aksiya dağıdıldıqdan sonra həbs olunanları 8-ci bölmənin qarşısında gözləməyə başladıq. Bizi dənizkənarı sahilə gedən yolu tutduğumuza görə dağıtmağa gələn polislər çox “sevdikləri” bu  gənci üzdən tanıyırlar. Heç qoyarlarmı o əziyyət çəkib günün altda dursun. Buna görə içəridən 10 sutkalıq həb cəzası əmri verildi. Eybi yoxdur. Rəşadətli insanlar üçün 10 gün heç nədir. 10 günə görə “FUCK OİL” etməyə dəyərdi.
Rövşən Nəsirli-Onu qınayırdılar ki,  o vaxtı eurovisionda ermənilərə səs vermişdi. O onun bütün baş verənlərə- rüşvətə, haqsızlığa qarşı olan etiraz seçimi idi. İndi də həbs olunduqdan sonra döyülməsi və cibindən narkotik maddə aşkarlanması. Heç də əcaib deyil. Bir məmləkətdə yağla-pendir eyni qiymətə satılandan sonra, əli bağlı adamın cibindən lap YAPın vəsiqəsi də çıxa bilər. Yaxşı ki, sonradan bunun sadəcə boş söz olduğu bildirildi. Amma onun general tərəfindən döyülməsi heç də şayiə-filana oxşamır. Sən bir Rövşəndəki zəhmə bax. Generalı lərzəyə gətirib. Qorxan gözə çöp düşər.
Mən amma hələ də bir alçaq vətəndaşın sözündən özümə gələ bilmirəm.
-Xanım, bu adamları niyə tuturlar?
-Deyirəm rüşvətxorluğa qarşı çıxdıqlarına görə.
Deyir: – Əcəb edirlər.
Day sənin kimi gorbagor oğluna sözüm yoxdu. Sənin kimi vətəndaşın “aksiyada qışqırmağa nə qədər pul almısız?” deyən polisdən nə fərqi?
Biz sizin üçün deyil, hüquqlarımızın pozulmaması üçün çalışırıq!
Var olsun “Qum səhrasının generalları”!

İyun 20, 2010 Posted by | Uncategorized | 2 Şərh

>"Azadlıq"dan Qobustana

>12 İyun-Hərənin qolundan bir polis yapışıb Qobustan qayalarına estafet yürüşü keçirilir. Elmlər Akademiyasının qarşısında aksiya keçirən Müsavat, Dui fəallarının həbs olunaraq Qobustana ekskursiyaya aparıldığını eşidəndə fikirləşdim ki, yəqin Bakı polis idarələri aksiyaçılardan bezib, bəs indi gözlərindən, qulaqlarından uzaq yerlərə göndərirlər ki, başları dinc olsun. Deməmişkən ki, məsələ elə gəzinti söhbəti imiş.

Müsavatçı gənclərdən biri Səxavət Soltanlıdan soruşuram ki, bəs məni agah elə nə məsələdir? Gəzinti söhbəti ironiyadır?
Səxavətin dediyinə görə bu ironiya idi. O gəzintidən imtina edib, digər gənclər də həmçinin.  Gəzinti zamanı polislər tərəfindən kameramanların da olduğunu da bildirir. Öz-özümə fikirləşdim ki, yəqin polis mədəniyyət günlərindən birində göstərəcək ki, Azərbaycan polisi öz tarixi yerlərinə biganə deyil. O sərasər olaraq hər aksiyadan sonra gəzintilər təşkil edir, aksiyaya “boş-boşuna bağırmağa” gələnləri bir vaxtlar “OD” üçün mübarizə aparmış insanların məskəninə-Qobustana aparır, onlara Qobustanın həm qayalı həyat yerlərini, həm də barmaqlı “həyati” məskənlərini göstərir.
Eynilikdən bezənlər üçün aksiyalardan sonra pulsuz gəzinti-“Azadlıq”dan Qobustana

İyun 13, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>Dünya çempionatı və Afrika zırıltısı

>Fikirləşirdim ki, çempionat başlayanı məhlədə kişilərin sayı azalacaq, hətta yoxa çıxma ehtimalı da ola bilərdi. Yanılmadım. Məhəllədə, küçədə, tində bir dənə kişi qalmadı. Elə bil ikinci dünya müharibəsi idi. Kişilər cəbhədə, arvadlar məhlədə. Səhəri gün yenə həmin abu-hava qayıtdı. Axşamdan qeybə çəkilib öz sərin külafirəngisində Cənubi Afrikada başlayan çempionatı seyr edən kişilər səhəri gün Afrika zurnasının zırıltısından topun kimin ayağından çıxıb kimin dalına dəydiyini izləyə bilmədiklərindən şikayətlənirdilər. Bu Afrikalılarından düdüyündən keçmədəəəə  zırrrrrr zırrrrrrr

P.S. – MAtumba, İ-ha-ha
-Nə?
-Qoooooolllllll
-Ala!
-Əşi çək qoluvu, gözümə girdi.
-Oleee Oleeee Oleeee
Afrikadan canlı yayım

İyun 13, 2010 Posted by | Uncategorized | 1 Şərh

>1 Iyun- Kim kimi qoruyur?

>

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “ Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Və bu qərardan etibarən iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Mənim uşaqlığımdan yadımda qalan hansısa bayramda 5 yaşımda atamın çiynində şar əlimdə metroda getməyim olub. Kişiyə ha deyirəm yadına sal hansı gün idi, xatırlaya bilmir. Elə o müəmmalı gün də mənim 1 iyunumdur.
Digər ölkələri bilmirəm, amma bizim ölkənin uşaqları məncə bir elə də maraqlı uşaqlıq yaşamırlar. Atılmış uşaqların öz problemləri, ailədəki uşaqlarında özlərinə xas mənəvi problemləri olur. Uşaq evlərindəki problemləri çoxumuz bilirik. Və tez-tez savab qazanmaq xatirinə həmin evlərə üz tutanlar da az olmur.
Məni maraqlandıran ailə içindəki uşaqların problemləridir. Valideyn olduğumuz zaman nədənsə özümüzün uşaqlığını xatrlamaq istəmirik. Və bu zaman güclünün zəifə zorakılığı başlayır. Uşaq düşüncələrini zorlama, uşaqların saf dünyasına təzyiq. Bu da tərbiyəli ailələrdə vəhşi insanların böyüməsinə şərait yaradır. Sən şəxsiyyət olandan sonra hiss edirsən ki, keçmişdən içində bir hərislik, ehtiras qalıb. Bunlar sənin uşaqlıqda qumdan təpələr düzəltməməyindəndir. Ağ köynəklərini rəngli boyalara batırmamağındandır.
Bir dəfə metro dilənçi qadın 4 yaşlı oğluna necə şillə vurdusa, qarabəniz uşaq  əcaib rəng aldı. Mavi gözlərindən axan yaş da, “ay ana, daha inanmıylayee” sözləri də göstərirdi ki, küçə həyatına alışdırılmış bu kiçik dilənçi vicdanını insanlar qarşısında satmaqdan bezib.
Heç bir körpə uşaq evinin pəncərələrindən aydın səmaya sevinclə baxmır. Bunu onların özlərindən soruşub gözlərindən görə bilərsiniz. Görmək istəsəniz. Heç bir balaca dilənçi böyük insanlar qarşısında öz vicdanıla əl açıb dilənmir. Siz küçə uşaqlarının ehtiyaclarını bilirsiz, bəs hansınız evinizdəki uşağın mənəvi cəhətdən nəyə ehtiyacı olduğu ilə maraqlanmısınız? Yox, sizin ancaq uşağın yanına şillə vuracaq əliniz var.
Bu gün məni sevindirən bir şey “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin hazırladığı audio nağıllar diskinin nəhayət ki hazır olması oldu. Deyərdim ki, son illərin ən uğurlu layihəsidir. Bu bütün sağlam və əlil uşaqlara hədiyyədir.
Təklif edirəm hərdən özümüzə sual verək: Kim kimi qoruyur? Böyüklər uşaqları, yoxsa əksinə?

İyun 6, 2010 Posted by | Uncategorized | Bir şərh yazın