Baki Nagili's Blog

>Bir məscidin tarixi

>Kərbəlayi İmran onun bünövrəsini qoyanda niyyət etmişdi ki, bütün kənd camaatı burada bir araya gəlib namaz qılsın, Ulu Yaradana ibadət etsinlər. Bura Buzovna kəndinin Cümə məscidi olmalı idi. Amma…

Bakının Buzovna qəsəbəsində yerləşən bu gözəl, bünövrəsi sal daşlardan qoyulmuş əsrarəngiz tikilinin çox maraqlı tarixi var. Məscid “Əli ibn Əbu Talib Cümə Məscidi” adı ilə tanınır. Məscidin tarixini araşdırmazdan əvvəl müsahibimiz Tofiq dayı ilə həmsöhbət olduq. Ondan Kərbəlayi İmranın kimliyi haqqında maraqlandıq. 80 yaşlı ağsaqqal Kərbəlayi İmranın oğul nəvələrindəndir. Babası haqqında açıqlama verən Tofiq dayı Kərbəlayi İmranın ovsunçu olduğunu vurğuladı: “Babam ilan tutan idi. Buna ovsunçu deyirlər. Həyətlərə gələn ilanları çıxarmaq üçün həmişə onu köməyə çağırardılar”. Xalq arasında qalan adətlərə əsasən indi də onların həyətindən torpaq götürüb öz həyətinə tökənlər var ki, ilan gəlməsin. Tofiq dayı sözünə davam edərək deyir: “Mən anadan olanda bilmirəm babam sağ idi, yoxsa yox. Amma mən babamı görməmişəm. Özüm 1929-cu ilin adamıyam. Mən yaşda bəlkə bir, ya iki adam qala. Kəbleyi İmranı bir tək Abbasqulu müəllim görmüşdü. Mən də babamın şəkli üçün ona müraciət etdim. Onun təxəyyülünə əsasən rəssam Rafael Kəbleyi İmranın portretini çəkdi”.

Kərbəlayi İmranın dörd oğlu, bir qızı var idi. Oğlanlarından biri Böyük Vətən Müharibəsində itkin düşüb. Kərbəlayi İmranın doğum tarixi də dəqiq bilinmir.

Onun digər nəvəsi Azərlə müsahibəmiz zamanı o, məscid haqqındakı təəssüratlarını bizimlə belə bölüşdü: “Rəhmətlik anam danışardı ki, babam o yeri aldığı zaman burada məscid tikəcəyinə niyyət edir. Və məscidin bünövrəsini də qoyur. Tikintisinə sərmayə də buraxır. Amma sonralar müəyyən səbəblərdən məscidin tikintisi yarımçıq qalır. Uzun illər yarımçıq qalan bu iş babamın varisi kimi məni də narahat edirdi. Dəfələrlə müəyyən yerlərə məscidin təmirinə yenidən baxılması üçün yazılı müraciətlər etmişik”.

Məscidin ümumi tarixi haqqında dəqiq məlumatla rüçün Buzovna kəndinin axundu Hacı Soltan Əlizadəyə müraciət etdik. Axund Hacı Soltanın bildirdiyinə əsasən, məscidin tikilişinə təxminən 1890-cı illərdə başlanılmışdır: “Mən bu məscid haqqında ağsaqqallardan çox sorğu-sual etmişəm. Məscidin tikintisinə başlanılsa da, 1900-1906-cı illər arasında tikinti yarımçıq qalır. Bunun əsas səbəbi isə həmin dövrlərdə baş verən erməni-müsəlman qırğını olur. İkinci dəfə tikintinin davamına 1918-ci ildə başlanılsa da, yenə erməni-müsəlman iğtişaşlarına görə iş yarımçıq qalır”.

Məscidin bənnaları buzovnalı bənna Yusif, usta Xaliq, Kərim, Gülhəsən adlı şəxslər olub. Məscid sal daşlardan tikilib. Hasar tərəfdən isə daş piltələrlə üzlənib. Axund Hacı Soltan deyir ki, məscidin minarəsi və

günbəzi yox imiş. Tavanı düzbucaqlı şəkildə olub, damı isə qırla örtülmüşdür. Məscidin həm iç, həm bayır tərəfindən divarlarında ərəbcə işlənmiş daş kitabələr vardır. Mehrabın sağ və sol tərəflərində medalyon içərisində ərəb dilində yazılmışdır: “Allah, Mühəmməd, Əli, Fatimə, Həsən, Hüseyn”. Bir az aşağı hissədə isə “Sübhanə rəbbiyəl əla və bihəmdih” sözləri vardı.

Məscidin ikinci tikilişinə sabunçulu xeyriyyəçi Hacı Əhədulla adlı şəxs böyük məbləğdə pul qoyur. Ancaq buna baxmayaraq, tikinti yenə yarımçıq qalır. Bu zaman məscidin gümbəzi, minarəsi hələ də qoyulmamışdı. Bunun da əsas səbəbi 1920-ci ildə Şura hökumətinin hakimiyyətə gəlməsi idi. Məhz bu gəlişdən sonra təmiri yarımçıq qalmış məscid binası təxminən 1960-1970-ci illərdən univermaq kimi istifadəyə verilir. Elə o dövrdən də cümə məscidi “Məscid univermaq” kimi tanınmağa başlayır. Bu barədə Buzovna kənd məktəbinin tarix müəlliməsi Zümrüd xanımın dedikləri: “Azərbaycandakı sovet milli siyasətinin əsas məqsədlərindən biri də milli dəyərlərimizi, adət-ənənələrimizi dəyişmək, İslam dininə, İslam mədəniyyətinə qadağalar qoymaq olub. 1920-ci ildə Stalinin əmrinə əsasən, Azərbaycandakı məscidlər, dini yerlər ya tamamilə dağıdılmalı, ya da anbar, klub və kitabxanalara çevrilməli idi. Bu siyasət 1937-ci ildə repressiyalar zamanı neçə-neçə din xadimimizin güllələnməsi və sürgünə göndərilməsi ilə nəticələndi. Bakıda ən böyük məscid olan Bibiheybət məscidi də məhz 1937-ci ildə Stalinin əmrilə partladılmışdı”.

Kərbəlayi İmranın nəslindən olan və hazırda “M.Qorki” adına səyyar kitab fondunun məsul işçisi Azərin bacısı Nazilə İmranlı da məscid haqqında xatirələrini bölüşərkən, təəssüf hissi ilə qeyd etdi: “Bu məscid bilsəniz mənim üçün necə əzizdir. Əziz olmaqla bərabər, həm də göz dağı idi. Mən həmişə o məscidə ürək ağrısı ilə baxırdım. Məscidi rəhmətlik babam tikib. Özülünün, minbərinin əsasını qoyub. Allaha ibadət məqsədilə tikildiyi halda, binanın univrmaq kimi istifadə olunması mənə mənəvi əzab verirdi”.

Burada Hacı Soltanın məscid haqqındakı qəzəlindən bir neçə beyti təqdim etmək yerində olardı:

Qaldı gör necə viranə Cümə məscidimiz,

Nigarandır, baxır hər yanə Cümə məscidimiz.

Bu da bir adi bina yox, ulu Allah evidir,

Ötdü vaxt, düşmədi səhmanə Cümə məscidimiz.

Ucalıq gündə saraylar, çoxalır fironlar,

Göz dikib gör necə dövranə Cümə məscidimiz.

1987-ci ildə Məşədi Qərib məscidindən Hacı Əmrulla ilə Axund Hacı Soltanın birgə müraciətindən sonra Şeyxülislam Hacı Allahşükürün rəhbərliyi ilə məscid alınaraq onlara qaytarılır. Yenidən əsaslı təmir işləri başlansa da, sonradan 1990-cı il hadisələrinə görə yenə iş dayandırılır.

Axund Hacı Soltan ilə Kərbəlayi İmranın nəvəsi Nazilə xanımın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinə məscid haqqında ayrılıqda göndərdikləri yazılı müraciətləri əsasında, nəhayət 2006-cı ilin 12 mayında Heydər Əliyev fondu təmir işlərinə başladı. İlk işlər əsasında məscidin içərisində yuva salmış 20-ə yaxın iti ovçular təmizlədi. Fondun başladığı təmir əsasında məscidə gümbəz qoyulmuş, içərisində otaqlar tikilmişdir. Hazırda minarə üzərində işlər gedir.

Bütün Buzovna camaatı intizarla yeni məscidin istifadəsini gözləyir.

May 27, 2010 Posted by | Uncategorized | Bir şərh yazın