Baki Nagili's Blog

>Quran dərsi-(Hüseynqulu Sarabskinin xatirələrindən)

>

 Hüseynqulu Sarabski (1879-1945)
Bütün gücünü Azərbaycanda teatrın inkişafına həsr etmiş bu insanın həyat xatirələrini onun “Köhnə Bakı” kitabından oxudum. Oxuduqca sevdim onu. Kitabın 1982-ci ildə buraxılmış nüsxəsini oxumağı tövsiyə edirəm. Gəmidə işləyən atası dəniz fırtınasında həlak olduqdan sonra vəziyyətləri ağırlaşan Sarabskilər ailəsinin həyatını Hüseynqulu tam təfərrüatı ilə bu kitabda yazır. Onun Quran öyrənmə həvəsinin necə oxa dəydiyini sizinlə bölüşürəm.

Məhəllə uşaqlarının qoltuqlarında Quran, əllərində heybə və rəhl (Quranı düz saxlamaq üçün alət-A.Z) dəstə-dəstə məktəbə getdiklərini görər və evə qayıdıb anama deyərdim:
-Ana, məni də məktəbə qoy. Oxumaq istəyirəm.
Anam cavab verərdi ki, əgər səni məktəbə qoysam, gərək ayda 3 abbası pul verəm. O da ki, yoxdur.
Bir qoca nənəm var idi. O anama dedi ki, bir arvad var, ayda bir abbasiyə Qurandan dərs deyir. Mənim toyuqlarım yumurtlayır, yığıb satdıqdan sonra bir abbasını mən verərəm. Anam da razı oldu. Sabahı gün nənəm əlimdən yapışıb məni İçərişəhərdə, Şah məscidinin yanında, 9 nömrəli evdə yaşayan molla Anaqız adlı arvadın yanına apardı. Çox sevinirdim. Məndən ötrü bir əlifba çərəkəsi də aldılar. Beş ay o molla mənə dərs verdi. Amma bir kəlmə də olsun öyrənə bilmədim. Dərs əvəzinə döyülmək və qışqırıq eşitdim. Evdə həmişə molladan şikayət edərdim. Beş aydan sonra məni bu mollanın yanından çıxarıb İçərişəhərdə, Kazımbəy hamamının yanında, 80 nömrəli evdə yaşayan Məsməxanım adlı ikinci bir arvad mollasına tapşırdılar. Ayda 6 şahı dərs haqqı kəsildi. Yeddi ay da orada oxudum. Səhər saat səkkizdə gedib, saat on ikiyədək orada olardım. Məsməxanım iki saat bizimlə məşğul olub sonra bizə ev işi gördürərdi. Bir mən deyildim, məndən başqa iki qız, iki oğlan şəyirdi də vardı. Bizi gah dənizə göndərər, gah ev süpürtdürər, qab yudurdar, samovar sürtdürərdi. Görürdüm ki, biz burda qulluqçu əvəziyik. Bir gün molla mənə: “Oğlum, mən hamama gedirəm, bu satıl və boxçanı mənim üçün hamama apar, bir-iki saatdan sonra gəl, evə gətir”-buyurdu. Mən ona dedim ki, “ay mollabacı, mən dərs oxumağa gəlmişəm, nökər olmağa gəlməmişəm ki?” Molla bunu eşitdikdə çubuğu kürəyimə çəkib dedi: “Sənin borcundur mollaya nökər də olasan, qulluqçu da, hələ cavab da qaytarırsan?” Baxdım ki, əgər dayansam mükəmməl döyüləcəyəm, çərəkəmlə Quranımı qapıb qaçdım. Evdə əhvalatı nəql elədim. Atalığım bunu eşitdikdə, durdu məni təpiyinin altına saldı və başladı: “Bir il deyil ki, sən iki molla dəyişmisən. Nə oldu elə bunların ikisi pis oldu? Görünür, sən özün tənbəl, korazehinsən!”
Səhər atalığım dübarə məni həmin mollanın yanına göndərdi. Anam və nənəm qorxularından bir söz deyə bilmədilər. Mən də evdəki döyülməkdən mollaya bir söz deməyib dərsi qanar-qanmaz oxumağa başladım. Bu əhvalatdan sonra mollabacı acığa düşüb evin çox işini mənə gördürərdi. Bu şəraitlə iki aydan sonra qanar-qanmaz Quranı xətm elədim. O vaxtın qaydası idi, uşaq Quranı başa çıxardısa, anası ya nənəsi ona güləbətindən araqçın bağışlardılar. Mənim üçün bunların heç biri olmadı. Mən də Qurandan heç bir şey bilmədiyimi nəzərə alıb danışmadım. Məndən soruşsalar ki, ailədə bir savadlı yox idi ki, mənim bilmədiyimi aşkara çıxarsın? Deyərəm: – “Nəinki bizim ailədə, hətta məhəlləmizdə bir savadlı adam yox idi”. Nə isə, hər cümə axşamı nənəm məni çağırıb deyərdi: “Bala, gəl ölülərimiz üçün yasin oxu”. Məni yaxşı yedizdirib doyuzdurardılar. Mən də çətinliklə Qurandan Yasin surəsini tapıb ağzıma gələni oxuyardım. Avazım yaxşı və yanıqlı çıxırdı. Bizə gələn qonşu arvadları da nənəm qarışıq özləri əl qatıb şəxsey-vəxsey gedərdilər.
Bir dəfə anam və nənəm çox çətinliklə düyü tapıb plov bişirib həmin mollabacını qonaq çağırdılar. Axşam mollabacı gəldi, mən də qorxumdan heç dinməyib evin bir küncündə oturub fikir edirdim ki, birdən mollabacı dedi “Gətir Quranı, mənimlə bərabər Yasin oxu-onda nə edəcəym?” Bu fikirdə idim ki, mollabacı üzünü mənə tutub dedi: – “Oğlum, Quranı yaddan çıxartmamısan ki?” – Anam ilə nənəm ağzımı açmağa qoymadılar: “Maşallah, ay mollabacı, allah atana rəhmət eləsin, ona yaxşı dərs vermisən. Hər cümə axşamı yasin oxuyur”.
Mollabacı: “Hə, hə, heç bilmirsiz ki, onun üstündə mən nə zəhmət çəkmişəm. Qaraları (surə-A.Z.) bir-bir ona tanıtmışam”-dedi. Anam dedi ki, tez-tez oxuyur, özü də rəvan oxuyur. Yarım saatda on dənə yasin oxuyur.
Mollabacı üzünü mənə tutdu: -Oğlum, Quranı gətir, Yasin oxu, qulaq asaq.
 Bu sözləri eşitcək dizlərim titrədi. Istər-istəməz gedib Quranı gətirdim. Eyni zamanda bu fikir məndən əl çəkmirdi: “Kələyim açılsa nə olacaq?”
Döyülməyimi gözümün önünə aldıqdan sonra Quranı açıb Yasini başladım. Ağzıma hər nə gəldi oxuyurdum. Mollabacı – “Ay balam! Bu Yasin oxumayır, dərədən, təpədən, hər nə ağzına gəlir deyir”. -Bu sözləri dedikdən sonra qulağımdan tutub şapalaqlamağa başladı. Atalığım gəlib əhvalatın nə olduğunu eşitdi. Hərəsi bir tərəfdən döyməyə başladılar. Mən də qaçıb qonşumuz Ağabacıgilin evində gizləndim. Nənəmin ürəyi yanır, gecəynən soraqlaşıb məni Ağabacıgildən tapır.
Mən nənəmə deyərdim ki, bu arvad mollaları heç bir şey bilməyir, dərsi mənə qandığım şəkildə vermirlər. O olan oldu, molla işi bitdi.

Aprel 24, 2010 - Posted by | Uncategorized

3 Şərh »

  1. >Yazıya görə çox sağ olun.Sarabskinin Köhnə Bakı haqqındakı xatirələrini mən də oxumuşam,özü də 1958-ci il nəşrini, köhnə latın əlifbasıyla.Sonrakı nəşrlər bir qədər fərqlidir. Məsələn,sizin yazdığınız bu xatirə ilk nəşrdə qeyd olunmayıb.Sabit Rəhmanın Seçilmiş əsərləri içərisindən Hüseyn Ərəblinskiyə həsr etdiyi "Son Faciə" povestindən sitat:*bu sitat əsərin Ərəblinskiylə Sarabskinin tanışlığa qədərki hissəsindəndir."Hələ o zamanlar Sarabski deyildi.Sadəcə Rzayev Hüseynqulu idi.Qoşa qala qapısının ağzında gözəl su satan və bənnnalıqeləyən Hüseynqulu.Başındakı dəri papaq,uzun Kororğlusayağıbığlar ona həqiqətən tipik Bakı su satanları görkəmi verirdi."

    Şərh tərəfindən Gülüş | May 13, 2010 | Cavabla

  2. >Bəli Gülüş xanım. Mənim bu kitabdan bir hissədə çox xoşuma gəlib: Sarabski ət alaraq Ərəblinskigilə gətirib onun anasına verir ki, bozbaş bişirsin. Nəticədə gözləri zəif görən qadın küftə ilə birgə çay dəsmalını da qazanda qaynadıb bozbaşı zay edir. )))Aha bir də, Şillerin "Qaçaqlar"ını məşq edən Ərərblinskinin öz anasını boğma səhnəsi. Rola o qədər aludə olur ki, məşq etdiyi şəxsin anası olduğunu unudur. Yazıq qadın hay salıb qonşuları köməyə çağırır. Amma o kitabdakı Bakının görünüşü üçün həmişə burnumun ucu göynəyir. ((

    Şərh tərəfindən Aynur Zerrintac | May 13, 2010 | Cavabla

  3. >Kitab mənim deyildi diyə,özümə də almaq istəmişdim.Amma satışda yeni nəşrin fərqli olduğunu görüb almadım, fikirləşdim ki,bəlkə tam başqa tərkibdir. Çalışacağam qeyd etdiyiniz kimi 1982-ci ilin nəşrini alıb oxuyum.Maraqlı gəldi.Elə mən də sizin kimi,Köhnə Bakının görünüşü üçün darıxıram:))

    Şərh tərəfindən Gülüş | May 15, 2010 | Cavabla


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma