Baki Nagili's Blog

>Keçiyə ithaf cızma-qərə

>

Komediya-Şən keçilərin nəğməsi deməkdir. Keçi özünə görə el arasında hörməti olan heyvandı. Əvvəl eşşəyin heç keçi qədər hörməti yox idi. Son dövrün dəyişiklikləri ilə əlaqədar eşşəyin statusu keçini ötüb keçdi. Bu misraların necə də yeridir.
İstərəm eşşəyə minmək, o qaçar məndən əcəl
Gör nə bədbəxtəm eşşəkdən də gərək naz çəkəm.


İndi hər dəfə bir qonşu Nadirin eşşəyini, bir də Balamirzənin xaraba həyətində bitən qanqalları gördükcə həyəcan təri məni basır. Nənəmin tut ağacımızın yarpaqlarını yeyən keçini söyə-söyə qovduğu günlər yadıma düşür. Yapışırdın keçinin yanındakı çəpişin qulaqlarından, dart ki, dartasan. Sözüm qanqal üstədir. Məktəb vaxtı məcburi şəkildə bizi avtobuslara yığıb mərhum prezidentimiz, zati-aliləri, ulu öndər Heydər Əliyevi hansısa səfərdən qarşılamaq üçün yol qırağına “Heydər baba” qışqırmağa aparırdılar. Bir əldə Kitayın giydirmə gülləri 2 saat gözləyirdin ki, bir dəfə qışqırıb, iki dəfə yellədəcəksən. Bu iki saat gəlib çıxırdı saat 4-ə. Ac uşaqlar dalaşırdıq aeroport ətrafındakı qanqallıqlara. Bax onda bir-birimizə sataşardıq: “Az yeyaa, eşşəkliyin tutar. Eşşək gəlib eşşək gedərsən”.

Amma eşşək gəlib, eşşək gedən elə bu icra nümayəndələrini gördüm. Nə vaxtı düz hesablayırdılar ki, bizə əziyyət verməsinlər, nə qarnımızı doyurub, havanın şaxtasında donduğumuzu yadlarına salmaq istəmirdilər. Sizcə bu uşaqlara qarşı zorakılıq deyil ki? Heç olmasa Romanın o vaxtkı “Çörək və Tamaşa” siyasətini yol qırağındakı uşaqlara tətbiq edəydilər.
Bu yaltaqların göstərdiyi komediyanın başlanğıcı idi. Üstündən illər ötsə də, uşaqlığın bu xatirəsi məndə yol qıraqlarına qarşı anti-simpatiya və nifrət yaradıb.
İndi komediyalar yollar üstündə gedir. Buynuzu gicişən “keçilər” daha buynuzlarını çoban çomağına sürtmürlər. Nə də aclar qanqala daraşmır. 
Ürəyimdən şıdırğı bir Keçiməməsi rəqsi oynamaq keçir. Heyhat, keçiməməsi rəqsini tapmadığımdan qurdumu “Keçi” şerilə öldürməli oldum.
Şam ağacı-şatır keçi
Qoz ağacı-qotur keçi
Sərv ağacı-sırtıq keçi
Zoğal ağacı-Lomka keçi
Ək ağacı-doğdu keçi
Kəs ağacı-hanı keçi?
Yekələr xəbər tutmamış əkələrə qanqal tədarükü görmək lazımdır. Eşşəkdən keçiyə bir saqqallıq məsafə var.

Aprel 19, 2010 Posted by | Uncategorized | Bir şərh yazın