Baki Nagili's Blog

>Quran dərsi-(Hüseynqulu Sarabskinin xatirələrindən)

>

 Hüseynqulu Sarabski (1879-1945)
Bütün gücünü Azərbaycanda teatrın inkişafına həsr etmiş bu insanın həyat xatirələrini onun “Köhnə Bakı” kitabından oxudum. Oxuduqca sevdim onu. Kitabın 1982-ci ildə buraxılmış nüsxəsini oxumağı tövsiyə edirəm. Gəmidə işləyən atası dəniz fırtınasında həlak olduqdan sonra vəziyyətləri ağırlaşan Sarabskilər ailəsinin həyatını Hüseynqulu tam təfərrüatı ilə bu kitabda yazır. Onun Quran öyrənmə həvəsinin necə oxa dəydiyini sizinlə bölüşürəm.

Məhəllə uşaqlarının qoltuqlarında Quran, əllərində heybə və rəhl (Quranı düz saxlamaq üçün alət-A.Z) dəstə-dəstə məktəbə getdiklərini görər və evə qayıdıb anama deyərdim:
-Ana, məni də məktəbə qoy. Oxumaq istəyirəm.
Anam cavab verərdi ki, əgər səni məktəbə qoysam, gərək ayda 3 abbası pul verəm. O da ki, yoxdur.
Bir qoca nənəm var idi. O anama dedi ki, bir arvad var, ayda bir abbasiyə Qurandan dərs deyir. Mənim toyuqlarım yumurtlayır, yığıb satdıqdan sonra bir abbasını mən verərəm. Anam da razı oldu. Sabahı gün nənəm əlimdən yapışıb məni İçərişəhərdə, Şah məscidinin yanında, 9 nömrəli evdə yaşayan molla Anaqız adlı arvadın yanına apardı. Çox sevinirdim. Məndən ötrü bir əlifba çərəkəsi də aldılar. Beş ay o molla mənə dərs verdi. Amma bir kəlmə də olsun öyrənə bilmədim. Dərs əvəzinə döyülmək və qışqırıq eşitdim. Evdə həmişə molladan şikayət edərdim. Beş aydan sonra məni bu mollanın yanından çıxarıb İçərişəhərdə, Kazımbəy hamamının yanında, 80 nömrəli evdə yaşayan Məsməxanım adlı ikinci bir arvad mollasına tapşırdılar. Ayda 6 şahı dərs haqqı kəsildi. Yeddi ay da orada oxudum. Səhər saat səkkizdə gedib, saat on ikiyədək orada olardım. Məsməxanım iki saat bizimlə məşğul olub sonra bizə ev işi gördürərdi. Bir mən deyildim, məndən başqa iki qız, iki oğlan şəyirdi də vardı. Bizi gah dənizə göndərər, gah ev süpürtdürər, qab yudurdar, samovar sürtdürərdi. Görürdüm ki, biz burda qulluqçu əvəziyik. Bir gün molla mənə: “Oğlum, mən hamama gedirəm, bu satıl və boxçanı mənim üçün hamama apar, bir-iki saatdan sonra gəl, evə gətir”-buyurdu. Mən ona dedim ki, “ay mollabacı, mən dərs oxumağa gəlmişəm, nökər olmağa gəlməmişəm ki?” Molla bunu eşitdikdə çubuğu kürəyimə çəkib dedi: “Sənin borcundur mollaya nökər də olasan, qulluqçu da, hələ cavab da qaytarırsan?” Baxdım ki, əgər dayansam mükəmməl döyüləcəyəm, çərəkəmlə Quranımı qapıb qaçdım. Evdə əhvalatı nəql elədim. Atalığım bunu eşitdikdə, durdu məni təpiyinin altına saldı və başladı: “Bir il deyil ki, sən iki molla dəyişmisən. Nə oldu elə bunların ikisi pis oldu? Görünür, sən özün tənbəl, korazehinsən!”
Səhər atalığım dübarə məni həmin mollanın yanına göndərdi. Anam və nənəm qorxularından bir söz deyə bilmədilər. Mən də evdəki döyülməkdən mollaya bir söz deməyib dərsi qanar-qanmaz oxumağa başladım. Bu əhvalatdan sonra mollabacı acığa düşüb evin çox işini mənə gördürərdi. Bu şəraitlə iki aydan sonra qanar-qanmaz Quranı xətm elədim. O vaxtın qaydası idi, uşaq Quranı başa çıxardısa, anası ya nənəsi ona güləbətindən araqçın bağışlardılar. Mənim üçün bunların heç biri olmadı. Mən də Qurandan heç bir şey bilmədiyimi nəzərə alıb danışmadım. Məndən soruşsalar ki, ailədə bir savadlı yox idi ki, mənim bilmədiyimi aşkara çıxarsın? Deyərəm: – “Nəinki bizim ailədə, hətta məhəlləmizdə bir savadlı adam yox idi”. Nə isə, hər cümə axşamı nənəm məni çağırıb deyərdi: “Bala, gəl ölülərimiz üçün yasin oxu”. Məni yaxşı yedizdirib doyuzdurardılar. Mən də çətinliklə Qurandan Yasin surəsini tapıb ağzıma gələni oxuyardım. Avazım yaxşı və yanıqlı çıxırdı. Bizə gələn qonşu arvadları da nənəm qarışıq özləri əl qatıb şəxsey-vəxsey gedərdilər.
Bir dəfə anam və nənəm çox çətinliklə düyü tapıb plov bişirib həmin mollabacını qonaq çağırdılar. Axşam mollabacı gəldi, mən də qorxumdan heç dinməyib evin bir küncündə oturub fikir edirdim ki, birdən mollabacı dedi “Gətir Quranı, mənimlə bərabər Yasin oxu-onda nə edəcəym?” Bu fikirdə idim ki, mollabacı üzünü mənə tutub dedi: – “Oğlum, Quranı yaddan çıxartmamısan ki?” – Anam ilə nənəm ağzımı açmağa qoymadılar: “Maşallah, ay mollabacı, allah atana rəhmət eləsin, ona yaxşı dərs vermisən. Hər cümə axşamı yasin oxuyur”.
Mollabacı: “Hə, hə, heç bilmirsiz ki, onun üstündə mən nə zəhmət çəkmişəm. Qaraları (surə-A.Z.) bir-bir ona tanıtmışam”-dedi. Anam dedi ki, tez-tez oxuyur, özü də rəvan oxuyur. Yarım saatda on dənə yasin oxuyur.
Mollabacı üzünü mənə tutdu: -Oğlum, Quranı gətir, Yasin oxu, qulaq asaq.
 Bu sözləri eşitcək dizlərim titrədi. Istər-istəməz gedib Quranı gətirdim. Eyni zamanda bu fikir məndən əl çəkmirdi: “Kələyim açılsa nə olacaq?”
Döyülməyimi gözümün önünə aldıqdan sonra Quranı açıb Yasini başladım. Ağzıma hər nə gəldi oxuyurdum. Mollabacı – “Ay balam! Bu Yasin oxumayır, dərədən, təpədən, hər nə ağzına gəlir deyir”. -Bu sözləri dedikdən sonra qulağımdan tutub şapalaqlamağa başladı. Atalığım gəlib əhvalatın nə olduğunu eşitdi. Hərəsi bir tərəfdən döyməyə başladılar. Mən də qaçıb qonşumuz Ağabacıgilin evində gizləndim. Nənəmin ürəyi yanır, gecəynən soraqlaşıb məni Ağabacıgildən tapır.
Mən nənəmə deyərdim ki, bu arvad mollaları heç bir şey bilməyir, dərsi mənə qandığım şəkildə vermirlər. O olan oldu, molla işi bitdi.

Advertisements

Aprel 24, 2010 Posted by | Uncategorized | 3 Şərh

>Keçiyə ithaf cızma-qərə

>

Komediya-Şən keçilərin nəğməsi deməkdir. Keçi özünə görə el arasında hörməti olan heyvandı. Əvvəl eşşəyin heç keçi qədər hörməti yox idi. Son dövrün dəyişiklikləri ilə əlaqədar eşşəyin statusu keçini ötüb keçdi. Bu misraların necə də yeridir.
İstərəm eşşəyə minmək, o qaçar məndən əcəl
Gör nə bədbəxtəm eşşəkdən də gərək naz çəkəm.


İndi hər dəfə bir qonşu Nadirin eşşəyini, bir də Balamirzənin xaraba həyətində bitən qanqalları gördükcə həyəcan təri məni basır. Nənəmin tut ağacımızın yarpaqlarını yeyən keçini söyə-söyə qovduğu günlər yadıma düşür. Yapışırdın keçinin yanındakı çəpişin qulaqlarından, dart ki, dartasan. Sözüm qanqal üstədir. Məktəb vaxtı məcburi şəkildə bizi avtobuslara yığıb mərhum prezidentimiz, zati-aliləri, ulu öndər Heydər Əliyevi hansısa səfərdən qarşılamaq üçün yol qırağına “Heydər baba” qışqırmağa aparırdılar. Bir əldə Kitayın giydirmə gülləri 2 saat gözləyirdin ki, bir dəfə qışqırıb, iki dəfə yellədəcəksən. Bu iki saat gəlib çıxırdı saat 4-ə. Ac uşaqlar dalaşırdıq aeroport ətrafındakı qanqallıqlara. Bax onda bir-birimizə sataşardıq: “Az yeyaa, eşşəkliyin tutar. Eşşək gəlib eşşək gedərsən”.

Amma eşşək gəlib, eşşək gedən elə bu icra nümayəndələrini gördüm. Nə vaxtı düz hesablayırdılar ki, bizə əziyyət verməsinlər, nə qarnımızı doyurub, havanın şaxtasında donduğumuzu yadlarına salmaq istəmirdilər. Sizcə bu uşaqlara qarşı zorakılıq deyil ki? Heç olmasa Romanın o vaxtkı “Çörək və Tamaşa” siyasətini yol qırağındakı uşaqlara tətbiq edəydilər.
Bu yaltaqların göstərdiyi komediyanın başlanğıcı idi. Üstündən illər ötsə də, uşaqlığın bu xatirəsi məndə yol qıraqlarına qarşı anti-simpatiya və nifrət yaradıb.
İndi komediyalar yollar üstündə gedir. Buynuzu gicişən “keçilər” daha buynuzlarını çoban çomağına sürtmürlər. Nə də aclar qanqala daraşmır. 
Ürəyimdən şıdırğı bir Keçiməməsi rəqsi oynamaq keçir. Heyhat, keçiməməsi rəqsini tapmadığımdan qurdumu “Keçi” şerilə öldürməli oldum.
Şam ağacı-şatır keçi
Qoz ağacı-qotur keçi
Sərv ağacı-sırtıq keçi
Zoğal ağacı-Lomka keçi
Ək ağacı-doğdu keçi
Kəs ağacı-hanı keçi?
Yekələr xəbər tutmamış əkələrə qanqal tədarükü görmək lazımdır. Eşşəkdən keçiyə bir saqqallıq məsafə var.

Aprel 19, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

Üsyan et, susma, danış!

               Üsyan et susma danış! Susduğun an əzər səni zalım dünya!
(Aynur Zərrintac)

Bir mən olum
Bir dar ağacı
Bir də köhnə ayaqqabı
Məni məhv edəcək
Bu dar dünyanın
Zalım ağacı
Məni gəzdirəcək köhnə ayaqqabı
Biri ayağımla dostdur
Biri başımla düşmən
Biri ayaqdan yapışır
Biri asılır başdan
Zaman keçdikcə köhnəlir
Həm ayaqqabı, həm də dar ağacı
Ayaqdan boşalır ayaqqabı
Bu dar dünyanın köhnə dar ağacı
Sənə ayaqqabımla edirəm bu üsyanı
*************************
Bir sən ol
Bir mavi səma
Bir də dəmir tikanlı hasar
Boylan mavi səmaya
Dəmir tikanlar arxasından
Uçan quşların qanad çırpıltısı
Süzən kölgəsi
Qoy sökdürsün sənə
Dəmir tikanları
Sən də qanadlan
Üsyan et dəmir insanların çəkdiyi
Dəmir tikanlı hasarlara
*********************
Bir o olsun
Bir damarı
Bir də eşqlə axan al qanı
Qoy yaşatsın ürəyini
Söndürməsin gözlərində işartını
Alovlansın, üsyan etsin
Köhnəliyə, ölgünlüyə
Sevgi versin zalım dünya acığına
Dünya onu sevmir deyə.

Aprel 13, 2010 Posted by | Uncategorized, Şeri-biədəb | 1 Şərh