Baki Nagili's Blog

>Pis əsgər general olmağı istəməyən əsgərdir

>

Görəsən bu oğlanın canında nələr var? :))
YAZ-YAY məktəbinin bloglarla bağlı təlimində tapşırıq verildi. Püşk atma nəticəsində sənə düşən şəxsi vəsf etməlisən. Fikirləşdim, görəsən iki gün gördüyüm insanı necə təsvir edə bilərəm? Nəsimi filmindən bir hissə düşdü yadıma: Nəsimini şahın ordusu qandallayıb aparanda vəzirin qızı Şəms deyir:

-Vəsf et məni şair!
-Vəsf zamanı deyil Afət!
Mənim vəsf etməyə zamanım var, amma vəsf edəcəyim kəsi vəsf edə biləcək bilgim yox. Girdim bizim bu Elvin Mustafayevin facebook sosial şəbəkəsindəki hesabına. Bir o yana, bir bu yana, ələ düşəcək elə də bir şey tapmadım. Yazdığı şərhlərdən birindən belə nəticəyə gəldim ki, bizim bu Elvin Yunus İmrə yaradıcılığına maraq göstərir.
Sən demə, Elvinin həyat devizi ona stimul verən bu ifadə imiş: “Pis əsgər o əsgərdir ki, general olmağı istəmir”.
Onu insanların çox olduğu yerlər elə də özünə cəlb etmir. Səs-küydən uzaq bir məkanda həzin musiqiyə qulaq asa-asa analitik yazıları oxumağa üstünlük verən dostumuz yəqin ki, narın yaz yağışı ilə yoldaşlıq etməkdən də çəkinməz. Baxmayaraq ki, adamların çoxluğunun onu sıxdığı qənaətinə gəlib, ancaq ətrafda baş verənləri şarıqqıltı gülüşlə qarşılaması onun heç də qaraqabaqlar silsiləsinə aid olmadığına dəlalət edir.
Deyir qatı millətçiyəm, türkçü. Özü də Mussolini kimisindən. Vaxseyyyy.
Bu qarabəniz, üzügülər oğlan haqqında onu deyə bilərəm: Ətrafında baş verənləri analiz etməyi xoşlayan bu oğlanın müşahidə etmə qabiliyyəti də pis deyil. Amma Mussoliniyə oxşamaq istəməsi… Balam, özü bilər, mənə nə?!

Advertisements

Mart 24, 2010 Posted by | Uncategorized | 2 Şərh

>Şəhərdə kənd ətri var?!

>

Suraxanı rayonunda yaşayan dostumuz Anarı Yasamaldakı kənd təsərrüfatının vəziyyəti çox maraqlandırırdı. Günlərin bir günü rayon ərazisinə çıxıb, araşdırma aparmaq qərarına gəldik. İlk gördüyümüz mənzərə – istifadəyə verilməsi nəzərdə tutulan “Sevimli Dad” mağazası oldu. Maraqlıdır, görəsən şəhər mühitində kənd təsərrüfatı ilə məşğul olmaq nə dərəcədə mümkündür?
 Yaxınlıqdakı ət dükanının qəssabı Elşəndən malın hardan gətirildiyi ilə maraqlandıq. Qəssab malın Alatavada saxlanıldığını, ordan gətirilərək ət mağazasında kəsidiyini bildirdi. Bəzi hallarda malı Bərdə bazarından da aldıqlarını vurğuladı.

Yaxınlıqda təzə açılan meyvə-tərəvəz mağazasının satıcısı Ayazla söhbətləşdik. Ayaz meyvə-tərəvəzi Sabirabad rayonunun 4-5 kəndindən gətirdiyini dedi. Şəhər mühitində özünün kiçik bir yeri olarsa, göyərti əkini ilə məşğul ola biləcəyini bildirdi: “Şəhərə kartofu 40-45 qəpiyə gətirib, üstünə 5 qəpik qoyub 60 qəpiyə satıram. Şəhər əhalisinə mədəni qulluq edirəm”.

Yasamal sakini Akif dayının keçisi olduğunu bilirdim. Həmişə bu keçi yol qırağındakı ağac budaqlarını gəmirərdi. Maraqlı idi, görəsən Akif dayı keçi cəhətdən problem çəkmirki? Akif dayı keçini həyətində saxladığını, lakin şəhər mühitində bunun çətin olduğu üçün onu məcbur olub kəsdiyini bildirdi: “Keçi çox kapriz heyvandı. Yemini bol eləsən də, dağa-daşa dırmaşmamış dinc durmaz. Qonşulardan heç bir problem yox idi. Amma şəhər mühitində heyvanın yerinin darısqallığı onu saxlamağa imkan vermədi. Mən də məcbur olub kəsdim. Onsuz da yağa gedirdi”.
Qonşuluqdakı Vaqif dayı həyətində toyuq-cücə saxlayır. Vaqif dayının dediyinə görə bu elə də problem deyil: “Toyuğa baxmaq elə də çətin deyil. Buraxırsan həyətə, eşələnir özüyçün. Əvvəl dilxoşluğa bir-iki dənə qoyun-quzu da saxlayırdım. Yasamalda su anbarı tərəfdə otluq idi. Otlayırdılar orda. Yasamalın yuxarı hissəsində camaat qoyun-quzu saxlayır. Qoç Mamed məşhurdur onlardan öz qoyun-quzusu ilə”.
Şəhərdə kənd təsərrüfatı ilə məşğul olmaq nə qədər çətin olsa da, onun məhsullarını əldə etmək bir o qədər asandır.
Deməli, istədiyin olsa yar, yetirər pərvərdigar. ))

Mart 24, 2010 Posted by | Uncategorized | 1 Şərh

>Lev Nikolayeviç Tolstoy Sofiya Tolstayanın gözü ilə

>

Sofiya Tolstaya özünün “Mənim həyatım” adlı xatirə kitabında Tolstoyun fikirlərindən bəzilərini qeyd edir. Tolstoyun düşüncələri Sofiyaın gözü ilə
Tolstoyun gündəliyindən: 1892-ci ildə fevralın 5-i yataqda fikirləşirdim: Yuxudan həyat adlandırdığımız şeyə oyanırıq. O şeyə ki, yuxudan əvvəl gəlir və yuxudan sonra olur. Lakin bu həyat da yuxu deyilmi? Ondan da ölüm ilə gələcək həyat adlandırdığımız şeyə, bu həyatın röyasından əvvəl və sonra gələn şeyə oyanmırıqmı?”
Tolstoyun gündəliyindən daha bir parça: “Əgər dua dünyada ən vacib iş deyilsə, elə bir iş ki, ondan sonra hər şey daha pisdir, hər şey puçdur, əgər ondan sonra heç bir şey yoxdursa, onda o dua yox, sözlərin təkrarıdır”.
Həyat yoldaşı Sofiya Tolstaya qeyd edirdi: “Lev Nikolayeviç hər tərəfdən araşdırılıb müzakirə edildiyi vaxt axtara-axtara, əzab çəkə-çəkə hər cür dini etiqalara qulaq verərək öz yolu ilə gedirdi. Məsələn: Lev Nikolayeviç bu zaman Xarkovda qulluq edən yeznəm Aleksandr Mixayloviç Kuzminskidən xahiş edirdi ki, öyrənsin görsün Xarkovda ştundistlər varmı? Onların vəziyyəti nə cürdür və doğrudanmı orada belə təriqət mövcuddur? O hətta Xarkova getmək də istəyirdi.
Kuzminski isə 1881-ci il fevralın 14-də Xarkovdan cavab yazır ki, burada ştundistlər yoxdur. Yəqin Tolstoy onları Xarkovda çox olan subbotniklərlə qarışdırıb”.
S.Tolstoya Tolstoyun keşiş Amrvrasi ilə görüşündən bəhs edir: “…O Amvrasi atanın yanında 2 saat olmuş, dini məsələlər və İncil barədə onunla söhbət etmişdi. Bu söhbət zamanı Lev Nikolayeviç Amvrosi atanın İncildən bir yeri dəqiq bilməməsini aşkara çıxarmışdı. Amvrasi ata deyirdi ki, günahları bağışlama hüququ yalnız kilsəyə məxsusdur və bunu mətndən (Matf., 18-ci fəsil, 15-ci maddə) sitat gətirməklə əsaslandırırdı: “Əgər sənin qardaşın günah işlədibsə…onda get” və s. Lev Nikolayeviç isə insanların öz aralarındakı münasibətlər haqqında danışır və buna sübut olaraq göstərirdi ki, mətndə sadəcə olaraq “Əgər sənin qardaşın günah işlədibsə” deyil, “Əgər sənin qardaşın sənə qarşı günah işlədibsə” deyilir.
Lev Nikolayeviç qeyd kitabçasında real həyatdan əl çəkməsi barədə maraqlı yazır: “Mən o zaman ayıldım ki, bu varlığın reallığına şübhələnməyə başladım. O mənim üçün əhəmiyyətini itirdi. Dünyabaxışın dəyişilməsini təsəvvür etmək çətin olsa da, mümkündür”.
Əgər bu onun üçün çətin idisə, bəs onda həmin dünyabaxışı L.Nikolayeviçi əhatə edən, dolğun həyata can atan insan və uşaqlara məsləhət görmək və onlara aşılamaq rəva idimi?
Digər yerdə o belə qeyd edib: “Ən miskin əqidəyə misal: Mən torpaq həvəskarıyam. Torpaq satın alıram. Bu zaman mən də bir sıra mühakimələr cəmləşib sübut edir ki, bu, uşaqlarım üçün nə qədər də zəruridir”.
Ən ali əqidəyə misal: “Mənim qara ciyərim ağrıyır, yaşamaq mənim üçün çətindir və həyat mənə ölümə doğru yol kimi görünür, həyat əbədiliklə müqayisədə bir an, bir miskinlik kimi görünür. Ağrı kəsir, sevilirəm və sevirəm, ölüm də mənə ən uzaq (sonsuz dərəcədə kiçik) nöqtə kimi görünür.
Mən gərək bu barədə düşünməyəm, ölüm haqqında düşünmək axmaqlıq olardı. Yalnız həyat var, onu bacardıqca yaxşı yaşamaq və qüvvələri onun üzərinə cəmləmək lazımdır…”

Mart 21, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>Azan səsinə həsrət qalmış məscid

>

Şuşa bir günəşdi, Şuşa bir aydı
Parisə bənzərdi dağılmasaydı.
İşğal olunana qədər Şuşada 19 məscid var idi. Onlardan ikisi-Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidləri idi ki, bunlar da Şuşada cümə məscidi kimi məşhur olublar. Şuşa qalasında Gövhərağanın adını daşıyan iki məscidin tikilməsi eyni məzhəbin fərqli cərəyanlarına mənsub insanlara ibadət üçün şərait yaratmaq məqsədi güdüb. Bu məscidlər arasında məsafə bir-iki yüz metr ola-olmaya. Məscidlərin bu cür adlanmasının səbəbini araşdırmaq üçün ilk öncə Gövhərağanın kimliyi ilə tanışlıq maraqlı olardı.
Gövhərağa kim idi?
Gövhərağa Qarabağ xanı İbrahimxəlil xanın qızı, Ağabəyim ağanın, Xurşudbanu Natəvanın bibisidir. Anansı gürcü knyazı Abaşidzenin qızı Cavahir xanım idi. Gövhərağa 1796-cı ildə doğulmuş, 1888-ci ildə vəfat etmişdir. Ağdamda Cavanşir nəslinə mənsub “İmarət” qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan şairəsi, mesenat olub. Mükəmməl təhsil almış, maarrif və mədəniyyətə maraq göstərmiş, sənət adamlarına, alim və şairlərə hamilik etmişdir. Azərbaycan və fars dillərində şerlər yazmışdır. Bəzi mənbələrdə qəzəl və fəxriyyələri olduğu göstərilir. Ədəbi irsindən hələlik azərbaycan dilində bir beyt, farsca bir fərd (beyt) məlumdur. X.Natəvanı tərbiyə edib böyütmüş, ona musiqini, şeri, rəsmi sevdirmişdir.
1769-cu ildə İbrahimxəlil xanın Şuşada tikdirdiyi Cümə məscidini 1865-ci illərdə Gövhərağa öz vəsaiti hesabına memar Kərbəlayi Səfixan Qarabaği vasitəsilə yenidən inşa etdirmişdir ki, həmin məscid sonralar “Gövhərağa” adı ilə məşhurlaşmışdır. Gövhərağa əmlakını bu məscidə vəqf etmiş, vəqf gəliri hesabına Şuşada “Darüş-Şəfa” (şəfa evi) və mədrəsə açdırmışdır. “Məclisi-Fəramuşan”ın məşğələləri çox vaxt bu məscidin hücrələrində keçirilərdi.
Övladı olmayan Gövhərağa mal-mülkünü xalqı üçün xeyirxah və nəcib işlərə sərf etməklə özünə təsəlli verməyə çalışmışdır.
Memar Kərbəlayi Səfixan Qarabaği
Bəlkə də qarabağlılar onu yaxşı tanıyırlar. Amma milli-mədəni abidələrimizin yaradıcısı olan bu şəxs haqqında çoxumuzun məlumatı yoxdur. Kərbəlayi Səfixan 1788-ci ildə Təbriz yaxınığındakı Əhəd şəhərində anadan olmuşdur. XIX əsrin ortalarında Qarabağın mərkəzi Şuşa şəhərinə gəlmiş və ömrünün sonuna qədər burda yaşamışdır. Atası Sultan Hüseyn bənna olmuşdur. Memarın adının Səfi olduğu güman edilir. “Xan”ın isə ona yaratdığı memarlıq əsərlərinə görə verildiyi bildirilir. Qeyd etmək lazımdır ki, 1937-ci il repressiyaları zamanı Səfixanın adındakı “xan” sözünə görə onun nəslindən bir çoxu sürgün edilmiş və bir sandıq layihə və eskizkləri yandırılmışdır.
Kərbəlayi Səfixan dəqiq riyazi və həndəsi analizlərlə işləyər və işlədiyi layihələri tikinti meydançasında bilavasitə öz əlləri ilə icra edərək bir millimetr belə səhvə yol verməzdi. Bu da istedadlı memarın yüksək elmi biliyə malik olmasını əyani şəkildə sübut edir.
“Qarabağnamə” əsərinin müəlliflərindən biri Həsən İxfa Əlizadə (1893-1972) Kərbəlayi Səfixan haqqında maraqlanan tədqiqatçı alim Şamil Fətullayevə bildirmişdi ki, o, 1910-cu ildə 122 yaşında ikən Saatlı məscidini təmir edən zaman yıxılıb ölmüşdür. Bu faktı Səfixanın nəticəsi Böyükkişi öz məktubunda belə yazır: “Səfixanın qatili də həmin məscid olmuşdur”.
Memar iş zamanı yıxılmış və boynunun şah damarı qırılmışdı. Bu hadisədən sonra o, cəmi doqquz gün yaşamış, 1910-cu ildə vəfat etmiş və Şuşada “Mirzə Həsən” məzarlığında dəfn olunmuşdur.
“Yuxarı Gövhərağa” Cümə Məscidi
Şuşanın mərkəzi meydanında öz gözəlliyi və əzəməti ilə seçilən Yuxarı Gövhərağa məscidi Kərbəlayi Səfixan tərəfindən 1864-cü ildə, yəni Aşağı Gövhərağa məscidindən təxminən səkkiz il sonra Gövhərağanın vəsaiti hesabına tikilmişdir.
Səfixanın tikdiyi bu məscidin yerində bir neçə dəfə müxtəlif tikinti materialları ilə məscid tikilmiş və sonralar sökülmüşdür. Hələ Pənah xanın dövründə qarqu və qamışdan burada bir məscid tikilmişdi. “Əhvalati-Qarabağ” əsərinin müəllifi Baharlı kitabında həmin məscid haqqında bu fikirləri qeyd edir: “Belə nəql edirlər ki, həmin məscid ki, qarqudan inşa etmişdilər, o məscidin iki qapısı var imiş. Bu qapıdan yasovul xalqı içəri doldururmuş, o biri qapıdan çıxıb qaçırmışlar”. Müəllifin sözündən belə bəlli olur ki, camaatı bura zorla gətirirmişlər.
Pənah xanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahim xan tərəfindən daşla inşa edilmişdir. Məscid minarəsiz kasıb görünüşə malik olmuşdur. Ola bilsin məhz məscidin bu görünüşü Gövhərağanı qane etməmiş və buna görə də həmin məscidi (XIX) tamamilə sökdürüb yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdir.
Məscidin mərkəzindəki sivri uclu günbəz, çatma tağbəndli portal və onun yan tərəflərindəki eyni örtüyə malik olan taxçalar və qoşa minarələr bu məscidin ümumi siluetini səciyyələndirir. Məscidin ümumi hündürlük səviyyəsindən başlayaraq yuxarıya doğru getdikcə nazikləşən və sonra sabit silindrik formada son zirvəsindəki yüngül çardaq örtüyünə qədər qalxan hər iki minarənin gövdəsini rombvari həndəsi qurşaqlar bəzəyirdi. Həmin minarə çardaqlarının son zirvəsində quraşdırılmış aypara şəkilli ucluqlar məscidin mərkəzindəki günbəzin sonluğu ilə həmahənglik təşkil edirdi.
Məscidin ibadət zalında iki tərəfli cərgə səkkizbucaqlı daş sütun düzülməklə onu üç hissəyə ayırmışdır. Sütunlar üzərində oturdulan oxvari tağlar və günbəzlər əvvəlki məscidlərin interyer sadəliyini davam etdirir.
Yuxarı Gövhərağa məscidinin minarə kürsülüyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhəng daşı ilə olsa da, onun gövdəsində işlədilmiş həndəsi ornamentlər Aşağı Gövhərağa məscidinin minarə bəzəklərilə uyğun deyildir. Minarələrin çardaq örtüyü ağac materialından quraşdırılmışdır. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir. Məscidin baş fasadındakı eyvan tağlarının sağ və sol tərəflərində üfüqi xətlərlə bölünmüş bir cüt perpendikulyar plyastr binanın daxili konstruksiya həllindən xəbər verməklə yanaşı, həm də bu tərəflərdən yüksələn alabəzək minarələrin kürsülüyü kimi baxılır. Çal mərmərə bənzər yerli daş materialı ilə inşa olunan Yuxarı Gövhərağa məscidi bir cüt alabəzək minarəsi ilə daha əzəmətli və möhtəşəm görünür. Hər bir minarənin daxilinə səksən beş ədəd pilləkən vintvari şəkildə yerləşdirilmişdir ki, bu da onun çardağına çıxmaq üçün nəzərdə tutulmuşdur. Buranın işıqlanması üçün on bir ədəd yarıq şəkilli pəncərə qoyulmuşdur. Mənbələrdən aydın olur ki, həmin minarələr üzərindəki naxışları və ibadət zalının digər bəzək işlərini Mir Möhsün Nəvvab işləmişdir.
Məscidin baş fasadındakı incə relyefə malik çiçək naxışları və haşiyələnmiş kitabələr də xüsusi zövqlə işlənmişdir. Nəstəliq xəttilə qabarıq şəkildə daşa həkk olunmuş fars dilindəki həmin kitabələrdən biri də məscidin tikilmə tarixini təsdiq edir. Bu xonçaşəkilli kitabədə “Qarabağlı memar Kərbəlayi Səfixanın işidir. H.t. 1301-m.t. 1883-84-cü illər-R.B.” sözləri yazılıb.
Aşağı Gövhərağa Cümə Məscidi
Aşağı Gövhərağa məscidinin (tikildikdən sonra bu məscid belə adlandı) baş fasadı xüsusi bədii memarlıq həllinə malikdir. Məscid 1832-ci ildə inşa edilmişdir. Məscidə giriş hissəsi üç tağbəndli geni eyvanla seçilir. Bütün ciddiliyi ilə simmetriyaya tabe edilən bu üç tağbənd mərkəz nöqtəsindən bərabər məsafədə qoyulmuş bir cüt səkkizbucaqlı daş sütun və kənarlarda yerləşdirilmiş digər iki yarımsütun üzərində quraşdırılmışdır. Mərkəzdə quraşdırılmış oxvari tağbənd yan tərəflərdəki yarımdairə şəkilli tağbəndlərdən nisbətən hündürdür. Hər iki yarımdairə tağbəndin üstündə isə memar yüngül relyefli xətlərlə haşiyələnmiş dördbucaqlı həndəsi fiqurlar işləmişdir. Eyvanın həmin hissəsi hər iki yandan üzəri üfüqi xətlərlə bölünmüş şaquli plyastrlarla məhdudlaşır. Eyvanın sağ və sol tərəflərindəki bir cüt alt-üst pəncərə və onların yan tərəflərindəki taxçalar ümumi şəkildə haşiyələnib. Bu haşiyələrin düzbucaqlı şəkildə olmasına baxmayaraq, pəncərə və taxçaların örtük konstruksiyaları yarımdairə şəklində inşa olunmuşdur. Məscidin damı Şuşanın digər yaşayış binaları kimi dördyamaclı şəkildədir.
Memar Aşağı Gövhərağa məscidinin minarələrini arxa fasadın yan tərəflərində ucaltmışdır. Araşdırmalar göstərir ki, minarələr ucaldılan bu yerlər heç də təsadüfi seçilməmişdir. Baş fasad mədrəsə binası ilə məhdudlaşdığı halda, onun arxa tərəfi geniş bir ticarət meydanına baxır. Ona görə də memar binanın daha görümlü və cəlbediciliyini nəzərə alaraq minarələri arxa fasadda ucaltmağı qərara almışdır. Məscidin daxili ilə deyil, bayır tərəfi ilə bilavasitə əlaqəsi olan bu minarələrin kürsülüyü binanın ümumi divar səviyyəsindən azacıq hündürlüyə malik bir məsafəyə qədər təbii əhəngdaşı ilə hörülmüşdür. Sonra isə silindrik şəkilli minarə gövdələri öz çardağına qədər bişmiş kərpiclə inşa olunmuşdur. Memar bu məscid minarələrin gövdəsini bütövlükdə “Allah” sözünün təkrar yazısı ilə bəzəmişdir. Bu sözlər minarə gövdələrinə xüsusi kərpic düzümü ilə çox məharətlə yazılmış və heyrətləndirici qarışıq ornament yaranmışdır.
Aşağı Gövhərağa məscidinin əsas giriş qapısı bilavasitə onunla üzbəüz tikilmiş ikimərtəbəli mədrəsənin həyətinə açılır. Mədrəsə həyət tərəfdən bütün fasadı boyu geniş eyvanlarla əhatə olunmuşdur. Birinci mərtəbənin eyvanına düzülmüş sütunlar təbii əhəng daşından səkkizbucaqlı şəklində icra olunmuşdur. Həmin sütunların yuxarısını bir-birilə aypara şəkilli tağbəndlər tamamlayır. Ikinci mərtəbənin eyvanına düzülmüş sütunlar isə təmiz yonulmuş ağac materialından ha ırlanmışdır. Sütunlararası məsafələr bütün fəsad boyu taxtadan hazırlanmış məhəccərlə bağlanır.
Istər Yuxarı, istərsə də Aşağı Gövhərağa məscidləri tarixən “Aşağı məscid”, “Yuxarı məscid”, “Böyük məscid” (Yuxarı Gövhərağa məscidi), yaxud da “Cümə məscidləri” kimi adlanmışlar.
Sovet dövrü Şuşa üçün fərqli keçmişdir. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşunaslıq üzrə elmi-metodik mərkəzinin Musiqi təhsili şöbəsinin müdiri Səid Hacıyev Şuşa məscidlərinin Şura hökuməti dövründəki vəziyyətindən bizə bunları danışdı: “Yuxarı Gövhərağa məscidinin fəaliyyəti 1920-ci ildə dayandırıldı. Şura hökuməti o zaman hər bölgəyə bir katib təyin edirdi. Bunların vəzifəsi camaatı dindən uzaqlaşdırmaq idi. Şuşaya təyin olunan katibin də vəzifəsi bundan ibarət idi. Amma o və əlaltıları məscidi də bağlaya bilmirdilər. Bizim tərəfdə Abbasqulu ağa adında bir tarzən var idi. Onun sorağı katibə çatmışdı. Katib onu çağırtdıraraq, ertəsi günün səhərisi məscidə gedib tar çalmasını tapşırır. Abbasqulu ağa isə bunu edə bilməyəcəyini, əks təqdirdə camaatın onu daş-qalaq edəcəyini bildirir. Katib isə sözünün qəti olduğunu deyir: “Gəlib məsciddə oturub tarı çalmalısan”. Abbasqulu ağa da hal-qəziyyəni dostuna danışır. Qərara gəlirlər ki, gecəynən burdan çıxıb getsinlər. Abbasqulu ağa camaatın qorxusundan deyil, Allahın evinə bu cür haqsızlığı qəbul etmədiyi üçün Şuşanı tərk edir. Ağdama gəlib orda yaşayır”.
Araşdırmaçı jurnalist Vasif Quliyev məscidlərin Sovet dövründəki vəziyyəti haqqında bunları dedi: “Aşağı Gövhərağa məscidi 1950-ci illərdə anbar kimi istifadə olunurdu. Yuxarı Gövhərağanın da anbar kimi istifadə olunmasına qərar verilmişdi. Amma Şuşanın qeyrətli oğullarının cəhdi nəticəsində məscid 1969-cu ildən tarixi muzey kimi istifadəyə verildi”.
Səid Hacıyev məscidlə bağlı uşaqlıq xatirələrini bizimlə belə bölüşdü: “Rayon yerində uşaqlar sərbəst olurlar. Şəhər yerində isə onların uşaqlıq dövrü o qədər də maraqlı keçmir. Biz 9-10 yaşlarımızda Şuşanın dağlarına çıxıb kəkotu yığardıq. Hələ indiyə qədər yadımdadır, məscidin içəridən minarələrinə çıxan dəyirmi pillələri var idi. Oradan bir-birimizlə yarışa-yarışa minarələrə çıxıb şəhərə tamaşa edərdik. Aramızda yaşca böyük uşaqlar var idi və 7-8 nəfər minarənin kənarlarından tutub silkələyərdilər. Onda minarənin o yan bu yana meylləndiyini hiss edərdik. Bizə də ləzzət edirdi. Böyüyəndə fikirləşdikcə, adam dəhşətə gəlir. Minarənin də hündürlüyü hardasa 20 metrə qədərdir”.
Yuxarı Gövhərağa məscidində hələ o zamanlar azan oxunardı. Müəzzini isə Ağdamdan Məhəmmədəli adında Quran hafizi olan bir nəfər idi.
“Şuşa” və “Qarabağ” qəzetlərinin redaktoru Vasif Quliyev bizə Gövhərağanın vəqfnaməsini təqdim etdi. Vəqfnamə Respublika Əlyazmaları İnstitutunda B-590/şifrə alıtında saxlanılır. 24 vərəqdən ibarətdir. XIX əsrin sonlarına məxsus Rusiya fabrik kağızı üzərində yazılmış karton cildli bu nüsxənin əsil nüsxə ilə uyğunluğunu təsdiq edən qeydlər vardır. “Şuşa” qəzetinin 2007-ci il noyabr buraxılışında dərc olunan bu vəqfnamədən həmin qeydləri olduğu kimi təqdim edirik:
“Eyni vəqfnamə əslilə mütabiq olmağa görə Yelizavetbol quberniyası şiə məzhəbi məslisi imza və padşahlıq möhürü ilə çəşhur etdi (möhürlədi).
Sədr-i ı qubernski məclis (imzanın oxunulmaıs mümkün olmayıb). Üzv-i məclis axund Hacı Molla Həsən Mollazadə (imza)”.
Bu qeyd və imzaları təsdiq edən çar möhürü dairəvi olub, ortasında çar Rusiyasının emblemi olan ikibaşlı qartal, ətrafında isə rusca “Yelizavetpolskiy medjlis şiitskoqo uçeniya” yazılmışdır. Möhürün ortasında 1265\1848-49-cu il tarixi qeyd olunmuşdur.
Şeyxülislamın möhürü ilə təsdiq olunan mətnin ərəbcə mündəricəsi belədir: “Mətndə göstərilən Allah yolunda vəqf mülkləri vəqf edənin iqrarilə qafqaz məmləkətləri şeyxülislamının-axund Əhməd Hüseynzadənin yanında qeyd olundu”.
Vəqf Şuşadakı Gövhəriyyə məscid və mədrəsələrinə aiddir. Vəqfnamədə əsasən iki məsciddən bəhs olunur. Gövhərağa tərəfindən tikdirilən məscid Mir Möhsün Nəvvab öz təzkirəsinə “Məscidi payin” (“Aşağı məscid”) adlandırmışdır. Vəqfnamədə kəndlilərdən alınan vergilərin növləri və miqdarı göstərilməsi də, vəqf rəiyyətlərinin də mülkədar yerlərindəki kəndlilər kimi vəqf idarəsinə və yaxud icarədara müəyyən vergi verib, buna görə mükəlləfiyyət daşımışlar. (“Opisanie Karabakskoy provinsii. Sostavlennoe polkovnikom Ermolovım i st. Sovetnikom Moqilevskim v 1823 qodu”. Tiflis, 1866)
Vəqf təsərrüfatına daxil olan malikanələr vergilərdən azad olsalar da, istifadə etdikləri vəqf torpaqlarının rentasını artıqlaması ilə vəqf idarəsinə verməyə məcbur idilər.

Məscidin indiki vəziyyəti haqqında yazmazdan əvvəl “Şuşa” qəzetinin ön səhifəsində gedən şüarı qeyd etmək istəyirəm:

“Şuşa bir günəşdi, Şuşa bir aydı,
Parisə bənzərdi dağılmasaydı”.
Doğrudan da, məscid tarixini araşdırarkən, Şuşanın digər gözəlliklərinin, möcüzələrinin tarixinə də nəzər salmalı oldum. Allahın bizə bir lütfü idi Şuşa. Amma qoruya bilmədik. Səid Hacıyevdən məscidin hazırkı vəziyyəti haqqında soruşduğum zaman bunları qeyd etdi: “Bir dəfə mən Rusiya kanallarından birində təsadüfən ermənilərin dediyini eşitdim: “Bizim bütün dinlərə hörmətimiz var. Şuşada belə bir məbəd var. Biz onu təmir edəcəyik”. Həmin məscidi də “Persidskiy xram” (“Fars məbədi”) deyə təqdim etdilər.”.
Səid müəllim bunu da əlavə etdi: “Bizim evin arxası Mamayi məhəlləsində idi. Evimizin arxa divarı məxcidə bitişik idi. Bildiyimə görə evimiz indi də necə var elə qalıb. Yəqin bu məscidin kəramətidir. Üçmərtəbəli qədim binadır. Anam həmişə deyərdi ki, mənim evimə heç nə olmayacaq. Çünki o, Allahın evinə bitişikdir. Evimizin çardağında Qurani-kərimin bütün ayələri var idi. O vaxt babam Məkkədən gətirmişdi. Anam Şuşadan çıxanda ondan hərəmizə iki-iki vermişdi. Işğal vaxtı minarənin yuxarılarına güllələr dəyib. Yaxşı ki, məscidi tam dağıda bilmirlər. Çünki UNESCO-da, hər yerdə onun tarixi abidə kimi şəkli var. Amma Şuşadakı bütün kiçik məscidləri dağıdıblar”.
Işğalçı bir millətə xasdır dağıtmaq, talan etmək. Göz qabağındadır: İşğalçı bir millət tərəfindən talan olunmuş Şuşadan mədəniyyət nəfəsi gəlmir. Soyuq ruhlar məskənidir sanki.
                                                                                  
                                                                                                    Aynur Zərrintac

Mart 21, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>Bezdim məni sevərək əzmələrindən

>

O bizim içimizdədir. O bizim hər birimizidr. Biz isə oyuq. Bizi sevən və segvinin rənglərinə bürünmüş varlıq. Sevgisizlər onu sadəcə bir oyun zənn edir.

O sadəcə insanların həyatına sevgi bəxş etmək istəyirdi. Bunun üçün həyatın bütün rəng çalarlarını özündə, üzündə, cismində birləşdirmişdi. Çevrəsi isə onu sadəcə bir kloun kimi qəbul etdi. Hər kəs rəgnlərin cəmində birləşən sevinclə yox, əllərin barmaqlarında birləşən təhqirlə onu ittiham etməyə başladı. Özünü insanlıq uğruna atan bu qadın tənələrin altında əzildi, gücsüzləşdi, büzüşdü və sadəcə rənglərin qarışdığı alabəzək yumağa döndü. Bir zaman bu rənglər onun ruhundan bir kəcavə timsalıla səslənirdi:
Mən qızıl kəcavəyəm. Şah saraylarına belimdə eyş-işrət daşımışam.
Mən qırmızı kəcavəyəm. Insanlara azadlıq aparmışam.
Mən qara kəcavəyəm. Gözü heç nədən doymayanların cansız bədənlərinə bir müddətlik məkan olmuşam.
Mən dəvə belində yırğalana-yırğalana gedən qoca kəcavəyəm. Küləyin səhradakı qumları sovurduğu kimi zamanın axarında sovrulmuşam.

Mart 21, 2010 Posted by | Uncategorized | Bir şərh yazın

>Sənin həsrtinlə…

>

Uşaq evindəki hər uşağın taleyi bir epopeyadır.
 Həsrətindən gözlərim yollarında qaldı Ana! Bəs söz vermişdin bir gün gələcəksən deyə? O gün nə oldu? Çox keçdi o günlərdən, 5 illik ömür ağacımda çox çiçəklər açdı, amma həsrətin keçib getmədi, qəlbimdəki sevgi alovun sönmədi, gözüm yollarında qaldı Ana! Beləmi vəfasız çıxdın? Məni bu dünyada kimə əmanət qoyub getdin? Məgər bilmirdin ki, əmanətinə sadiq çıxmayacaqlar? Bilmirdin! Bilsəydin heç bir şeyi dərk etmədiyim vaxtimda məni bu çirkab içində qoyub getməzdin. Hər “ana“ deyib ağladığımda aldadardılar məni -“baxxxx balaca anan göylərdədi”- deyərdilər. Məndə tənhalığa çəkilərək göylərə baxardım, səni çağırardım:
-Aanaaaaaa, anaaaaaaaaa
Sənin hay verəcəyini gözlərdim başım yuxarı gözlərim göyə dikilərdi. Niyə mənə vəfasızlıq etdin ana? Sənin yerini tutacaq qadın belə əmanətinə yiyə dura bilmədi. Qoydun məni yad əllərdə. O uşaq evinin pəncərələrindən qarşımızdakı sökülən, köhnə binaya baxardım. Qəribsəyərdim, kövrələrdim. Oranı sökən əmilərə nifrətlə baxardım elə bilərdim evimizi sökürlər, elə bilirdim səni məndən alan onlardı. Nifrət edərdim onlara içimdən bir hayqırtı qopardı -“əmilər anamı qaytarın!”
Yeni gəldiyimdə bütün uşaqlardan qaçardım, uzaq gəzərdim. Elə bilirdim onlar səhər gəlib axşam harasa gedirlər -analarının yanına. Amma sonradan onların da gözlərində bir qəriblik, həsrət gördüm. Uşaq evi bizi öz ağuşuna aldı, mərhəmlik göstərdi, mərhəmət öyrətdi, sevgi bəxş etdi, qayğı verdi.  Mənə həyatı, insanları sevməyi öyrətdi, amma səni vermədi. Heç kim vermədi mənə səni. Sənsiz yaşadım sənin həsrətinlə, sənsiz böyüdüm sənin sevginlə. Sən mənim xəyal dostum oldun. Necə unudum səni? Hər dəfə kimsələr bizlərə gələr, hədiyyələr gətirərdilər. Mən də yüyürə-yüyürə qaçıb hədiyyəmi alar, sonra isə səni onların arasında axtararaq hədiyyəmi göstərmək istərdim. Lakin durardım tapmazdım, kövrələrdim. Sən mənim körpə vücudumdan uzaq olduğun halda mənim tənha ürəyimdə mənimlə idin. Sənlə danışardım.
Ana indi mənim də övladlarım var. Onlara həsəd aparıram, hərdən qısqanıram da. Hətta özümün belə onların anası olduğunu unuduram. Axı niyə onlar analı, mən anasız oldum?
Bəzən narın yağış yağdığında pəncərədən uzaqlara baxır, qaranlıqda ikimizin bir yerdə qoşa addımlarla parkda addımladığını düşünürəm. Uca çinarları qorxunc adamlar təsəvvür edib sənə sığınardım. Sən məni qucağına alaraq bağrına basardın. Qəribədir o hissləri yaşamadığım halda hiss edirəm. Özümü həqiqətən sənin qoynunda görürəm, sənin hənirtini duyuram. O qədər aludə olardım ki, əllərimi o qaranlığa uzatdığımda əllərim boşluqda qalardı. Onları sənin incə barmaqların əvəzinə havada əsən soyuq külək tutardı.
Mən səni qınamıram ki, mənimlə yoxsan. Mən sənsizliyi qınayıram, niyə mənlə yoxsan? Qəlbimə yaman dolmusan ana, bilmirəm niyə? Ürəyım titrəyir, üz-gözündən, gözlərindən öpmək üçün, amma əlim çatmır sənə. Vaxt keçir. Sən məndən uzaqlaşdıqca mən sənə yaxınlaşıram.

Mart 14, 2010 Posted by | Uncategorized | 5 Şərh

>Türkmən şairi ilə Hivəli şairin deyişməsindən…

>

İmadəddin Nəsimiyə həss olunub
Türkmən şairi Mahdumqulu ilə Hivəli şair Durdu Şeyxin bir deyişməsində Nəsimi faciəsi belə anılır:
Mahdumqulu:

Ol nemedir yemediler, doydular?
O nemedir kıyamete koydular?
O kim idi tabanından soydular?
Şa`r olsan şundan bize haber ver!
Durdu Şeyx:
Ol dildardır, yemediler, doydular,
O namazdır, kıyamete koydular.
Nesimiyi tabanından soydular, 
Bizden selam olsun, cevap şöyledir.

Mart 13, 2010 Posted by | Uncategorized | 1 Şərh

>Bülbüllükdən çıxanlara

>

Bülbül olub bülbüllükdən çıxanlara
Oxşamayın maskalanıb haldan hala düşənlərə


Bir bağın bir bübülü
Aldı dimdiynə sünbülü
Tərgitdi cəh-cəhini
Atdı başına qəh-qəhi
Qarğa başın buladı
 Bülbül də qağayı oldu.
Quşdan quşa fərq varmış
Hər quş bülbül olmazmış.
İndiki bülbüllərin
Sevimli yeri qəfəs
Onlara lazım deyil
Azalıqdakı nəfəs.

Mart 7, 2010 Posted by | Uncategorized | 3 Şərh

>Naməlum qəzetdən "Tale" səhifəsi

>

Bu yazını evimizin kiçik kitabxanasının arxivindən tapdım. Hansısa qəzet parçasından kəsilib saxlanılmışdı. Ömür yollarının izlərini bilənlər bu qadının üzündəki qırışlardan həyatının ona necə hədiyyələr etdiyini görərlər. Bu Əhməd Cavadın ömrünə dost, günlərini onsuz başa vuran həyat yoldaşı Şükriyyə xanımdır. Nə bu qəzetin adını, nə də məqalə müəllifinin adını bilmirəm. Məqalə kəsilərkən yalnız başlığı və özü götürülüb. Naməlum qəzetin “Tale” səhifəsi

“Şairdən aldığı gizli məktublar Şükriyyənin varlığını fəth etməkdə idi. Imtahanlara hazırlaşa bilmirdi. Gizli məktublaşırdılar. Həmin məktublar qiymətli məktublar kimi saxlanılır. 70 ildən çox keçən müddətdə bu “incilər” elə qorunub saxlanmışdır ki, sani sahibidəndünən alınıb. Bilirsiniz hada saxlanılıb o xəzinə? Şükriyyə nənənin ürəyində. Heç kimə göstərilməyib, heç kəsin qulağında cingildəməyib o incilər.
Amma 1988-ci ilin isti avqust günlərində, Aydın müəllimin (Aydın Axundzadə-Ə.Cavadın oğlu-A.Z.) nəhəng incil ağacı ilə çətirlənmiş həyətində nənə “xəzinədən” az da olsa mənə göstərdi. Yox, o xəsis deyil, Şükriyyə nənə. Axı, səxavəti yaddaşından çox asılıdır.
Üç qərənfil verəyim,
Aç qoynunu girəyim.
Sən ordasan, mən burda,
Soyuqdanmı öləyim.
                                 Dağlar dağlara baxar,
                              Atəşin məni yaxar.
                              Həlbət bir gün olacaq,
                             Gözün gözümə baxar.
Şükriyyə nənə deyir ki, belə misralar da var. Yəni bu misralar qızın dilindən deyilib.
                                                                     Ay işıqdır, işıqdır,
                                                                     Dam-dama ilişikdir.
                                                                     Xal tutmasın annesi
                                                                     Oğlu mənə aşiqdir.
                                                                     Armud dalda ballanır,
                                                                     Yerə düşər xallanır.
                                                                     Oğlan padişah olsa,
                                                                     Yenə qıza yalvarır.
Bir dəfə Batuma-atamgilə getmişdim. Iş elə gətirdi ki, vaxtında qayıda bilmədim. Bu barədə mənə həsr elədiyi şeri bilisiniz. 1958-ci ildə çap olunmuş kitabındadır. Amma ondan özgə bəndlər də var.
                                                                     Yazı yazdım yaz idi,
                                                                     Qələmim bəyaz idi.
                                                                     Qınama, bəy əfəndim,
                                                                     Mürəkkəbim az idi.
Şükriyyə nənə xəyala gedir. Yaddaşı ilə əlləşir. Deyirəm, özünü əziyyətə salma, daha kifayətdir, nə vaxt yadınıza düşər, söylərsiniz. Birdən üzü gülür. Görünür, fikirləşdiyini tapıb. Yox, deməyən elə bəndin özü gülməli olduğundan gülümsəyir. Deyir ki, bu bəndi bir dəfə bədahətən Niyaziyə (Ə.Cavadın digər oğlu) söylədi:
Niyazi qara kədi (pişik),
Südün üzünü yedi.
Qəbahət annesində,
Dolabı kitləmədi.
Bi şair kimi Əhməd Cavadı xalq tanıyır və sevirdi. Böyük oğlu Niyazi xatırlayır: səhər qəzetlərdə atamın şerləri çap olunurdu, axşam bütün Bakı artıq onları əzbər bilirdi…
Şükriyyə nənədən soruşuram ki, (Məqalənin müəllifi) kim idi ailənin dostları, yaxın adamları? Deyir ki, Cavid, Şaiq və Müşfiqdən başqa bir kəsə qonaq getməzdik.
-Cavidin ailəsilə yaxın olmusuz. Cavid xatirinizdə necə qalıb?
-Xahiş edirəm Turanı mənim yanıma gətirin. Bir gün eşidəcək ki, ölmüşəm. Siz deyin, gələr. Yadımdadı, atası ona şer yazmışdı.
                                                                 Turan xanm Şamama,
Atnan gedər hamama.
Cavid filosof idi. Elə belə danışmazdı. Həmişə hikmətli, müdrik sözlər dilindən düşərdi. Bir yerə toplaşanda, ya onlarda, ya bizdə yeri gələndə böyük şairlərin şerlərindən, özünün əsərlərindən ən maraqlı yerləri söylərdi. 30-cu illərin ortalarında hamısı bilirdi ki, gec-tez tutulacaqlar. Bəlkə ona görə Cavid tez-tez “İblis”dən söylərdi.
Yüz min deyil İblisə uyan… həp bəşəriyyət,
Etmiş bu gün ev yıxmağa, qan içməyə adət.
Arif! Unut, oğlum, unut, artıq məni dinlə,
Sən kəndini məhv eyləyəcəksən bu gedişlə.
Gözləri harasa dikilir Şükriyyə nənənin. Həsasını yavaşca yerə döyəcləyir və birdən:
-Teatra getmişdim-“İblis”ə. “İblis”i əzbər bilirdi camaat. Indiki uşaqların elə bil yaddaşı yoxdur. 70 il əvvəl əzbərlədiyimiz, oxuduğumuz şerlər yadımızdadır. Nəsə gecə ayrıldıq. Hər kəs evinə gedirdi. Həmin gün Cavid sanki hər şeyi unutmuşdu. Tamaşa, alqışlar ona zövq vermişdi. Ayrılarkən gülə-gülə üzünü Cavada tutub dedi:
Mən tərk edirəm sizləri əlan nəmə lazım!
Heçdən gələrək, heçliyə olmaqdayam azim!
Iblis nədir?-Cümlə xəyanətlərə bais…
Ya hər kəsə bais olan insan nədir?
İBLİS.”
P.S. 1937-ci ilin payızında həmin İblislər başladı bir millətin kökünü kəsmək üçün düşünən beyinləri məhv edəcək repressiyanı. Ancaq unudurdular, bu millət kökdən düşünməyə qadir millətdir. Yetər ki, yatmasın.

Mart 4, 2010 Posted by | Uncategorized | 1 Şərh